“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq, tikintiyə vərəsəlik hüququ və s. hüquqlar qeydiyyata alınır.
Daşınmaz əmlak üzərində fiziki və hüquqi şəxslərin hüquqlarını əvvəllər dövlət qeydiyyatına almış orqanların (məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi və s.) verdiyi dövlət aktları, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin öz hüquqi qüvvəsini saxlamasıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
Eyni zamanda həmin qanunun 5.1-1-ci maddəsinə görə, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə (daşınmaz əmlak barəsində notariat hərəkətinin aparılması ilə bağlı notarius və qanunla müəyyən edilmiş hallarda notariat hərəkətini aparmağa hüququ olan digər vəzifəli şəxslər istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.
Qeyd: maddədə qeyd olunan müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.