Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli
F-144 nömrəli əmri ilə təsdiq edilmişdir.
-
Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.
1.2. DƏDKR öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) normativ hüquqi aktlarını, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir.
1.4. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. DƏDKR ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. DƏDKR bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. DƏDKR-in müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. DƏDKR-in saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr, o cümlədən idarə, filial və nümayəndəliklərinin və tabeliyində olan qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitlərdən maliyyələşdirilir.
1.8. DƏDKR-in əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. DƏDKR məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.9. DƏDKR Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid Prospekti, 135 ünvanında yerləşir.
- DƏDKR-in fəaliyyət istiqamətləri
2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;
2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək;
2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək;
2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək;
2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;
2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq;
2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
- DƏDKR-in vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək;
3.1.3. dövlət reyestrinə müvafiq məlumatları paralel olaraq yazı üsulu ilə kağız üzərində və elektron formada daxil etmək;
3.1.4. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək;
3.1.5. qanunla müəyyən edilmiş əsaslar olduqda, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək;
3.1.6. pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununun birmənalı başa düşülməsinə imkan verməyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək;
3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;
3.1.8. dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən dövlət reyestr nömrəsi vermək;
3.1.9. qanunla müəyyən edilmiş hallarda dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək;
3.1.10. hüquq sahibinin sorğusuna əsasən, ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə hüquq sahibinə məlumat vermək;
3.1.11. dövlət reyestrini, ərizə jurnalını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq;
3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;
3.1.13. məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək;
3.1.14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək;
3.1.15. daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatını aparmaq və ipoteka kağızına mülkiyyət hüququnu rəsmiləşdirmək;
3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;
3.1.17. mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək;
3.1.18. dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankının yaradılmasını təmin etmək, daşınmaz əmlakın bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;
3.1.19. dövlət və ictimai mənzil fondunun yaşayış sahələrinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək;
3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;
3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;
3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;
3.1.23. kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək;
3.1.24. kadastr uçotu işlərini aparmaq və daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, dövlət kadastrını, dövlət torpaq kadastrını tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;
3.1.25. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq;
3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək;
3.1.27. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək;
3.1.28. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək;
3.1.29. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək;
3.1.30. kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirmək, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər hazırlamaq və Xidmətə təqdim etmək;
3.1.31. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək, torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna edilməklə) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, torpaqların dövriyyəsi və münbitliyinin vəziyyəti barədə milli hesabatı hazırlamaq;
3.1.32. dövlət torpaq kadastrının aparılması və yerquruluşu işlərinin həyata keçirilməsi ilə bağlı layihə-axtarış və təcrübi-eksperimental işlərin aparılmasını təşkil etmək;
3.1.33. dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq tədqiqatı, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək;
3.1.34. yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad stansiyaları şəbəkəsinin yaradılmasını, istismarını təşkil etmək və şəbəkə xidmətinin fasiləsizliyini təmin etmək;
3.1.35. müəyyən edilmiş qaydada razılaşdırılmaqla aerofotoplanaalma işlərinin həyata keçirilməsində və digər təşkilatların həmin məlumatlarla müəyyən olunmuş qaydada təmin edilməsində iştirak etmək;
3.1.36. mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq;
3.1.37. şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin layihəsinə, ümumi və baş planlara dair rəy və təkliflər vermək;
3.1.38. məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması və ya icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsini təmin etmək;
3.1.39. dövlət proqramları, strateji yol xəritələri və digər normativ hüquqi aktlarla müəyyən edilmiş tapşırıqların aidiyyəti üzrə tam həcmdə, vaxtında və keyfiyyətlə icrasını təmin etmək, icraya dair hesabatları (məlumatları) hazırlayıb müəyyən edilmiş qaydada təqdim etmək, bununla bağlı Xidmətdə monitorinq və qiymətləndirmənin aparılması üçün zəruri olan məlumatları vaxtında Xidmətə təqdim etmək;
3.1.40. strateji inkişaf planlarının, fəaliyyət planlarının və tədbirlər planlarının hazırlanmasında iştirak etmək, onların hazırlanması və icrası ilə bağlı aidiyyəti üzrə materialları Xidmətə təqdim etmək;
3.1.41. öz fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərin və iş proseslərinin optimallaşdırılması, habelə elektron xidmətlərə və rəqəmsal idarəetməyə davamlı keçidin təmin edilməsi, innovasiyaların tətbiq edilməsi ilə bağlı mütəmadi təhlillər aparmaq və innovativ inkişafa dair təkliflər hazırlayıb Xidmətə təqdim etmək, təkliflərin qəbulu və icrası ilə bağlı aidiyyəti üzrə tədbirlər görmək;
3.1.42. nizamnaməsi ilə müəyyən edilmiş əsas fəaliyyətlərini müntəzəm təhlil etmək, fəaliyyətinin şəffaflığının və səmərəliliyinin artırılması barədə təkliflər hazırlayıb Xidmət rəisinə təqdim etmək və bu istiqamətdə əməli tədbirlər görmək;
3.1.43. əsas fəaliyyət göstəriciləri üzrə proqnozların və tapşırıqların müəyyən edilməsinə dair təkliflər vermək, onların icrasına dair Xidmətdə analitik məlumat bazasının yaradılması ilə bağlı fəaliyyət istiqamətləri üzrə statistik göstəriciləri hazırlamaq və dövri (aylıq, rüblük, yarımillik və illik) hesabatları Xidmətə təqdim etmək;
3.1.44. Xidmətdə əsas fəaliyyət göstəriciləri üzrə müəyyən edilmiş proqnozların icrasının monitorinqi və qiymətləndirilməsi, həmçinin müvafiq iqtisadi-statistik, texniki-iqtisadi və analitik təhlillər aparmaq məqsədilə aidiyyəti üzrə zəruri məlumatları, arayışları, cədvəlləri və digər məlumatları hazırlayıb Xidmətə təqdim etmək, müvafiq fəaliyyət sahələrinin perspektiv inkişafı, müasirləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlı təkliflər vermək;
3.1.45. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət rüsumlarının məbləği və xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün Xidmətə təkliflər vermək;
3.1.46. dövlət rüsumlarının və fəaliyyət istiqamətləri üzrə tabeliyində olan qurumların göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxilolmaların mühasibat və statistik uçotunu aparmaq, həmin vəsaitin vaxtında və tam həcmdə aidiyyəti üzrə köçürülməsini təmin etmək;
3.1.47. müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görmək;
3.1.48. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.49. DƏDKR-in fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil etmək və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.50. kargüzarlığı və arxiv işinin aparılmasını müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.51. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;
3.1.52. DƏDKR-ə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.53. fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;
3.1.54. DƏDKR-in informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.55. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.56. DƏDKR əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək, müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.57. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqqı almaq, bu sahədən daxil olan vəsaitdən Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada istifadə etmək;
3.1.58. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün DƏDKR-in aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Xidmətə təklif vermək;
3.2.2. fəaliyyət istiqamətləri üzrə təlimat, qayda və digər normativ aktların layihələrini hazırlamaq və təsdiq edilməsinin təmin olunması üçün Xidmətə təqdim etmək;
3.2.3. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.5. DƏDKR-ə müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;
3.2.6. tutduğu dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsini əldə etmək;
3.2.7. Azərbaycan Respublikasında sahəvi kadastrları tərtib edən və aparan digər dövlət orqanları ilə əməkdaşlıq etmək və məlumat mübadiləsini həyata keçirmək;
3.2.8. ölkə ərazisində həyata keçirilən aerofotoplanaalma işlərinin nəticələrinə dair məlumatlardan istifadə etmək;
3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;
3.2.10. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə apardığı monitorinqlər zamanı qanun pozuntuları aşkar edildikdə hüquq mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;
3.2.12. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.14. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək;
3.2.15. qrant və ianələr almaq;
3.2.16. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.17. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.18. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərini yaratmaq və ya onlarda iştirak etməklə bağlı Xidmətə təkliflər vermək;
3.2.19. xüsusi bülletenlər və nəşrlər buraxmaq;
3.2.20. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
- DƏDKR-in idarə olunması
4.1. DƏDKR-in idarəetmə orqanı İdarə Heyətidir.
4.2. İdarə Heyəti DƏDKR-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 5 nəfərdən – iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir.
4.3. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.3.1. DƏDKR-in fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;
4.3.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Xidmət vasitəsilə Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən DƏDKR-in illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.3.3. DƏDKR-in strateji məqsəd və planlarının, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Xidmət vasitəsilə Nazirliyə təkliflər vermək;
4.3.4. DƏDKR-in strukturunun, işçilərinin say həddinin və əmək haqlarının (o cümlədən əmək haqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Xidmət vasitəsilə Nazirliyə təkliflər vermək;
4.3.5. DƏDKR-in fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, tabeliyində olan qurumların nizamnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Xidmətlə razılaşdırmaqla təsdiq etmək;
4.3.6. DƏDKR-in fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.3.7. Xidmətin təyin etdiyi kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.3.8. DƏDKR-də daxili audit bölməsi yaradıldığı halda, daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, bu Nizamnamənin 4.9.9-cu yarımbəndi nəzərə alınmaqla, onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.3.9. Xidmət vasitəsilə Nazirliklə razılaşdırmaqla DƏDKR-in xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri DƏDKR-in aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.3.10. aidiyyəti şəxslə dəyəri DƏDKR-in aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.3.11. DƏDKR-in strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.3.12. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.3.13. cari və operativ məsələlər barədə Xidməti məlumatlandırmaq;
4.3.14. bu Nizamnamənin 3.1.52-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.3.15. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.3.16. Xidmət vasitəsilə Nazirliklə razılaşdırmaqla idarə, filial və nümayəndəliklər, tabeliyində qurumlar (hüquqi şəxslər), həmçinin təsərrüfat cəmiyyətlərinin yaradılması barədə qərar qəbul etmək;
4.3.17. təsisçinin və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından iqtisadiyyat nazirinin müəyyən etdiyi şəxs icra edir.
4.5. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir və İdarə Heyətinin sədri tərəfindən imzalanır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
4.6. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.7. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.8. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.9. İdarə Heyətinin sədri:
4.9.1. DƏDKR-in cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.9.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.9.3. DƏDKR-in adından çıxış etməklə bağlı etibarnamə verir;
4.9.4. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.9.5. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.9.6. DƏDKR-in fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.9.7. DƏDKR-in fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.9.8. DƏDKR-in vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.9.9. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində DƏDKR-in aparatının, digər struktur bölmələrinin, tabeliyində olan qurumların strukturunu, ştat cədvəlinin və xərclər smetasının təsdiq edilməsinin təmin olunması üçün Xidmətə təqdim edir;
4.9.10. İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsünün aparılması ilə bağlı Xidmətə təkliflər verir;
4.9.11. DƏDKR-in işçilərinin əmək haqlarının, əmək haqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.9.12. DƏDKR-in idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların rəhbərləri və müavinləri istisna olmaqla, DƏDKR-in digər işçilərini Xidmətin rəisi ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, DƏDKR-in işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
4.9.13. DƏDKR-in idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların rəhbərləri və müavinlərinin Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Xidmət rəisinə təqdimat verir;
4.9.14. DƏDKR-in əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.9.15. bu Nizamnamə ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində DƏDKR-in adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.9.16. DƏDKR-in fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qrupları yaradır;
4.9.17. DƏDKR-in fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.9.18. DƏDKR-in kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.9.19. DƏDKR-də müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.10. DƏDKR-in idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların rəhbərləri və müavinləri Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.11. İdarə Heyətinin üzvləri:
4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.11.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.
4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
- DƏDKR-in nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. DƏDKR-in nizamnamə fondu 28722928.76 (iyirmi səkkiz milyon yeddi yüz iyirmi iki min doqquz yüz iyirmi səkkiz manat 76 qəpik) manatdır.
5.2. DƏDKR-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər mənbələrdən formalaşır.
5.3. DƏDKR öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. DƏDKR balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. DƏDKR qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra DƏDKR-in, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsaitdən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 446 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq Xidmətlə razılaşdırmaqla istifadə edir.
5.5. DƏDKR-in mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
5.6. DƏDKR “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur və tutduğu dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsi DƏDKR-in işçilərinin maddi təminatının yaxşılaşdırılması məqsədilə onun hesabına köçürülür.
5.7. DƏDKR-in tabeliyindəki qurumların göstərdiyi xidmətlərin qiymətləri (daşınmaz əmlakın qiymətləndirilməsi istisna olmaqla) tənzimlənən qiymətlərə (tariflərə) aiddir.
- DƏDKR-in fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. DƏDKR-in fəaliyyətinə nəzarəti Xidmət həyata keçirir.
6.2. DƏDKR-in fəaliyyətinə dair illik hesabat Xidmətə təqdim edilir.
- DƏDKR-də uçot və hesabat
7.1. DƏDKR “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. DƏDKR “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. DƏDKR idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Xidmət DƏDKR-in fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
- DƏDKR-in yenidən təşkili və ləğvi
DƏDKR-in yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.