Dövlət rüsumu haqqında Azərbaycan Respublikasinin Qanunundan çıxarış.

Dövlət rüsumu haqqında
Azərbaycan Respublikasinin Qanunundan çıxarış
 
Maddə 26. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə ipotekanın dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri
 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

26.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər:

 

 

26.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi;

50 manat

26.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi

75 manat

26.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi

30 manat

26.3. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılması, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi

30 manat

26.4. İpotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi

15 manat

26.5. Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün

30 manat

26.6. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə

10 manat


Maddə 27. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar
 

 

27.1. Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.

27.2. Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar mülkiyyət şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu tutulmur.

27.3. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.