“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsində könüllü fəaliyyət haqqında



   “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsində könüllü fəaliyyətin təşkili məqsədilə ali təhsil müəssisəsini bitirmiş, 21-30 yaş arası, işgüzar, intizamlı namizədlərin qəbulu həyata keçirilir. İlkin müsahibədən uğurla keçən namizədlərlə könüllü fəaliyyət haqqında müqavilə bağlanılaraq uyğun istiqamətlər üzrə fəaliyyətə cəlb olunurlar. Müqavilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri nəzərə alınmaqla bağlanır. Müəyyən edilmiş ehtiyaclar əsasında könüllülərin cəlb olunması hər ilin 4-cü rübü ərzində həyata keçirilir. Qeyd edək ki, könüllü fəaliyyət Azərbaycan Respublikasının bütün inzibati rayonlarını əhatə edən genişmiqyaslı bir layihədir. Könüllülərin fəaliyyətləri müddətində nəzəri biliklərinin artırılması məqsədilə mütəmadi olaraq onlara fəaliyyət sahələrinə uyğun mütəxəssislər tərəfindən normativ hüquqi aktlardan və müvafiq elmi ədəbiyyatlardan təlimlər keçirilir.
    Könüllülük müddəti başa çatdıqdan sonra könüllülərin fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə əsasən iştirak və ya müvəffəqiyyətlə bitirmə barədə “Sertifikat”ların verilməsi nəzərdə tutulur. Könüllülər şəxsi keyfiyyətlər, ümumi biliklər, intizamlılıq və davamiyyət, kollektivlə işləmə bacarığı,  publik hüquqi şəxsin fəaliyyət istiqaməti üzrə biliklər kimi meyarlar üzrə qiymətləndirilir. Könüllü müqaviləsi üzrə təyin olunan müddətin yekununda könüllünün fəaliyyət göstərdiyi sahədə iş prosesini düzgün mənimsəməsi, işin planlaşdırılması və komandada işləmək bacarığı, həmçinin təhkim olunduğu struktur bölmənin fəaliyyət istiqamətləri, təlimlərdə keçirilmiş metodiki materiallar və təqdim edilmiş qanunvericilik bazası əsasında qiymətləndirilməsi təmin edilir. Könüllü fəaliyyətinin qiymətləndirilməsi mərhələsində yüksək nəticə göstərən könüllülər DƏDKR-in ehtiyat kadr siyahısına daxil edilir. Müvafiq vəzifələr üzrə vakansiyalar yarandıqda, ehtiyat kadr siyahısından bu vəzifəyə uyğun namizədlər seçilərək işə qəbul edilir. Qeyd edək ki, 2020-2025-ci illər ərzində 782 nəfər könüllü fəaliyyətə cəlb olunmuşdur.

DƏDKR könüllüsü olmaq istəyən namizədlər üçün tələblər:

Ali təhsil;
Dünyagörüşü;
Intizamlılıq;
Operativlik;
Təşəbbüskarlıq;
Ünsiyyət bacarıqlarına sahib olmaq;
Komandada işləmək bacarığı;
Kompüterdən istifadə etmək bacarığı.

Könüllülük fəaliyyətinə qoşulmaq istəyən namizədlər dedkrhr@emlak.gov.az ünvanına öz CV məlumatlarını göndərə bilərlər.