Əmlak Məsələləri Dövlət Komitəsinin qeydiyyat xidmətlərini birbaşa ünvanlara çatdıran “Kütləvi çıxarış” kampaniyasından 14 oktyabr tarixində Astara rayon sakinləri yararlanıb. Kampaniyanın əsas cəhəti əhaliyə operativ şəkildə daşınmaz əmlakın qeydiyyatı xidmətlərini təqdim etməklə məmnunluğun və xidmətlərdə vətəndaş amilinin artırılmasıdır.
“Kütləvi çıxarış” kampaniyasının paytaxt və regionlarda, hətta ucqar ərazilərdə təşkilində başlıca məqsəd xidməti vətəndaşa maksimum əlçatan etmək, vaxta qənaət və rahatlığı təmin etməkdir.
Astara rayonunun bir neçə kəndini əhatə edən bu dəfəki kampaniyada 90-a yaxın sakin öz əmlakına dair çıxarışı elə öz ünvanlarında komitənin mobil ofislərində (xüsusi nəqliyyat vasitələri) əldə edib. 50-yə yaxın vətəndaşdan isə ilkin mülkiyyət sənədləri yeni çıxarışlarla əvəz olunması məqsədilə qəbul olunub. Təqdim edilmiş çıxarışlar sakinlərə məxsus pay torpağı, fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və digər daşınmaz əmlakları əhatə edib. Həmçinin vətəndaşlardan qəbul edilmiş ilkin mülkiyyət sənədlərinə isə torpaq sahələri və evlər barədə verilmiş aktlar, şəhadətnamələr, orderlər, qeydiyyat vəsiqələri, əmrlər və digər sənədlər aid olub. Belə sənədlər qəbul edildikdən sonra vətəndaşlara yeni çıxarışlar hazır olacağı müddət barədə bildiriş verilib. Qeyd edək ki, komitənin mobil ofisləri bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşların evinə gedib və qeydiyyat xidmətləri birbaşa onların evlərindəcə göstərilib.
Kampaniyadan yararlanan vətəndaşlar kampaniya sayəsində əlavə vaxt itkisinin və nəqliyyat xərclərinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər. Qeyd ediblər ki, komitənin bu sosial layihəsi əhalinin qeydiyyat xidmətlərinə olan marağını artırır, müxtəlif təbəqədən olan vətəndaşların xidmətlərdən faydalanmasını rahatlaşdırır.
Kampaniya ilə paralel olaraq komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Gündəlik olaraq mobil ofislər eyni vaxtda müxtəlif şəhər və rayonlar üzrə ünvanlarda olur və vətəndaşlara qeydiyyat xidmətlərini çatdırır. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi ilə bağlıdır.
Qeyd edək ki, 2016-cı ildə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 15 şəhər və rayonunda keçirilib. Ümumilikdə isə kampaniya başlayan vaxtdan indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalana bilib.
Komitənin bu ilin əvvəlindən start verdiyi təmənnasız hüquqi məsləhət xidməti kampaniya çərçivəsində Astara sakinlərinə də göstərilib. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesində sənədləşdirmə ardıcıllığını bilməyən, hansı qurumlardan hansı sənədlərin alınması barədə məlumatsız olan vətəndaşların suallarını komitənin hüquqşünasları cavablandırıb. Onlara hüquqi izahlar verilməklə kampaniya iştirakçılarına aktiv hüquqi yardım göstərilib. Bu xidmət vətəndaşlarımızın əmlakını qeydiyyata aldırması, əmlakın alqı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərin artırılmasını təmin edir. Vətəndaşlar bu suallara cavab tapmaqla daşınmaz əmlakı ilə bağlı hər hansı hüquqi əməliyyat aparmazdan öncə artıq məlumatlanmış olub. Qeyd edək ki, hüquqi məsləhət xidmətləri gündəlik olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində də göstərilir. Xidmətdən faydalanmaq istəyən vətəndaşlar ərazi idarələrinə müraciət edə bilər.
Qeyd edilməlidir ki, hər bir vətəndaşın dövlət qeydiyyatına alınmış daşınmaz əmlakı, o cümlədən torpaq sahəsi heç bir hüquqi maneə ilə rastlaşmadan istənilən biznes, alqı-satqı, girov və digər iqtisadi əməliyyatlara cəlb oluna bilər. Kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır.
Xatırladaq ki, bu sosial tədbirlərlə yanaşı, operativliyin və rahatlığın artırılması məqsədilə komitə tərəfindən digər innovasiyalar tətbiq edilir. Belə ki, fəaliyyət sahələri üzrə elektron, SMS və onlayn xidmətlər də vətəndaşlara təqdim olunur ki, belə xidmətlər vasitəsilə indiyədək 500 minə yaxın müraciət təmin edilib.