Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı ilin 9 ayı ərzində görülmüş işlərə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı ilin 9 ayı ərzində görülmüş işlərə dair müşavirə keçirilib 2016-10-20 07:42:01

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin ötən 9 ayında ölkənin iqtisadi potensialının gücləndirilməsinin və uğurlu inkişaf dinamikasının təmin edildiyini bildirib. Qeyd olunub ki, həyata keçirilən islahatların tərkib hissəsi dövlət əmlakının özəlləşdirilməsi prosesi xüsusi əhəmiyyət kəsb etmiş və bu prosesdə yeni mərhələyə qədəm qoyulub.

Bildirilib ki, dövlət başçısı tərəfindən 19 iyul 2016-cı il tarixdə imzalanmış müvafiq Fərmanda özəlləşdirmə prosesinin sürətləndirilməsi, rəqabət mühitinin formalaşdırması, iqtisadiyyata investisiyalar cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi kimi məsələlər əksini tapıb. Dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi proseslərini şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi kimi əsas məqsədlər göstərilib.

Həmçinin qeyd olunub ki, ölkə Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamına əsasən  “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin təmin edilməsi prosesində məsləhətçi şirkətin seçilməsi üzrə açıq tender keçirilib. Hazırda səhmdar cəmiyyətin qiymətləndirilməsi işləri aparılır.

Ötən 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Xarici və beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Əsas məqsəd yerli və xarici investorların geniş cəlb olunması, əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi, məsləhətçi və qiymətləndirici xidmətlərindən geniş istifadə edilməsi olub.

Özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması Komitə tərəfindən cari ilin iyul ayında “Özəlləşdirmə portalı” yaradılıb və istifadəyə verilib. Qısa müddətdir ki fəaliyyət göstərən portaldan istifadə edənlərin sayı artıq 150 mini ötmüşdür. Bu isə öz növbəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinə və keçirilən açıq hərraclara olan marağın əyani göstəricisidir.

Komitə tərəfindən 14 sentyabr tarixindən etibarən geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərraclara start verilib. Hərraclar hazırda daha rahat, şəffaf və açıq şəraitdə keçirilir. İstənilən yerli və ya xarici investorlar və potensial alıcılar hərraclarda məhdudiyyətsiz iştirak edə bilir. Hərrac iştirakçıları, eləcə də mətbuat və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani şəkildə izləyə bilir. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında keçirilən hərracları canlı izləmək imkanı yaradılıb.

Artıq 4 belə hərrac keçirilib və bu hərraclarda 111 ədəd dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə ilin əvvəlindən indiyədək 230-a yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Komitə sədri çıxışında qeyd edib ki, ötən dövrdə torpaq münasibətlərində yeni çağırışların gündəmə gəlməsi torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələləri daha da aktuallaşdırıb. Qeyd edilib ki, müvafiq Sərəncamla 13 iyul 2016-cı il tarixdə təsdiq olunmuş daşınmaz əmlakın kadastrı və torpaq idarəçilinin inkişafına dair 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən işlər görülməkdədir. Proqrama əsasən 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması işi tamamlanacaq.

Bildirilib ki, ölkə başçısı tərəfindən torpaq fondunun dəqiq uçotunun aparılması, torpaqlardan səmərəli istifadə olunması, torpaqların zəbt olunması hallarına yol verilməməsi, istifadəsiz torpaqların iqtisadi dövriyyəyə qaytarılması kimi tapşırıqlar verilib. Torpaq münasibətlərinin tənzimlənməsi barədə müvafiq Fərmana əsasən Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi həyata keçirilir. Dəqiq torpaq uçotu torpağın kəmiyyət, keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla ondan qənaətli və səmərəli istifadəyə imkan yaradacaqdır. 2016-cı ildə bu işlər respublikanın 12 rayonunda başa çatdırılması nəzərdə tutulur. 2020-ci ilə kimi ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaqdır. Torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası istifadəyə verilib.

Respublikada iri təsərrüfatların (taxılçılıq, toxumçuluq və heyvandarlıq) yaradılması məqsədilə Komitə tərəfindən 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 148,8 min ha torpaq sahələri seçilərək xəritələşdirilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri bu dövrdə də davam etdirilib. Monitorinqlər zamanı pozuntu hallarının aşkarlanması və qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin edilib. Respublika üzrə dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqlarda torpaq icarəçilərinin ümumi siyahısı hazırlanaraq vahid baza yaradılıb. Görülən tədbirlər nəticəsində komitə tərəfindən respublikanın 8 rayonu üzrə icarədə olan lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilib və dövlət mülkiyyətinə geri qaytarılıb.

Müşavirədə bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərindən irəli gələn bütün məsələlər “bir pəncərə” prinsipinin tətbiqi ilə həll olunur. Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb. Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyaları davam etməkdədir. 2016-cı ilin müvafiq dövründə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib. Ümumilikdə indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalana bilib. Bu ildən respublikada vətəndaşlara və əmlak sahiblərinə daşınmaz əmlakın qeydiyyatı sahəsində geniş hüquqi məsləhət xidmətləri göstərilir. Ötən dövrdə 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 36 mini ilkin, 90 mini isə təkrar qeydiyyata aid olub.

Ötən dövrdə Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi davam etdirilib.

Müşavirədə dövlət başçısı tərəfindən 13 iyul 2016-cı il tarixdə imzalanmış Fərmana əsasən nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərində dövlət əmlakının təyinatı üzrə səmərəli istifadəsi, təyinat dəyişdirilməsinə nəzarət məsələləri qeyd olunub. Bildirilib ki, belə müəssisələrdə monitorinq və araşdırmalar aparılır, nəticələr barədə aidiyyəti üzrə məlumatlar verilir.

Qeyd olunub ki, cari ilin yanvar və fevral aylarında Hacıqabul və Cəlilabadda rayon ictimaiyyəti və sahibkarlarla görüşlər keçirilib. Komitə sədri tərəfindən il ərzində regionlarda keçirimiş 9 vətəndaş qəbulunda 300-ə yaxın vətəndaşın müraciətinə baxılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa” və seminarların, müzakirələrin keçirilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Müşavirədə Komitənin aidiyyəti qurumlarının rəhbərlərinin ötən dövrdə görülmüş işlərlə bağlı məruzələri dinlənilib.

Müşavirənin sonunda komitə sədri qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, keçirilən hərraclarda vətəndaş məmnunluğunun maksimum təmin olunması barədə tapşırıqlar verilib. Bildirilib ki, hərracların daha şəffaf və rahat şəkildə keçirilməsi, daha geniş investor və potensial alıcı kütləsinin bu hərraclara cəlb edilməsi təmin edilməlidir. Torpaq idarəçiliyi ilə bağlı yeni təsdiq olunmuş Dövlət Proqramından irəli gələn məsələlər istiqamətində işlər sürətləndirilməlidir. Torpaqların elektron uçotu sisteminin yaradılması işi daha operativ qaydada davam etdirilməli, torpaq qanunvericiliyinin tələblərinin qorunmasına nəzarət tam təmin edilməlidir. Torpaqların səmərəli istifadəsi və mühafizəsinə nəzarət ilə bağlı monitorinqlər, reydlər, təhlillər və inzibati tədbirlər daha effektiv şəkildə həyata keçirilməlidir.