Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 may tarixində növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 may tarixində növbəti hərrac keçiriləcək 2018-04-30 08:39:06

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 75 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 3-ü kiçik dövlət müəssisə və obyekti, 13-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Salyan broyler”, “Qax Taxıl”, “Ağdaş Quşçuluq“, “Salyan Aqrotexservis”, “Yevlax Kəndnəqliyyat“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Salyan broyler” Açıq Səhmdar Cəmiyyətidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə  aid olur. Bu əmlaklar paytaxtla yanaşı respublikanın digər rayonlarında da yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi müxtəlif olur. Bu isə alıcıların seçim imkanını artırır. Bununla investor biznes planına uyğun əmlakı rahatlıqla seçə bilir.

Budəfəki hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 60 saylı mağazanı nümunə kimi göstərmək olar. Bakının Qaradağ rayonunda yerləşən həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 500 kv.m-dən çoxdur.

Bundan başqa Mingəçevirdə yerləşən qeyri-yaşayış binası da sahibi üçün xidmət sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 12-si paytaxtda, 1-i isə Mingəçevir şəhərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 14 kv.m ilə 446 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının Yasamal rayonunda yerləşən, 30 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlaka sahib olmaq üçün 600 manat beh ödənilməlidir. Həmçinin paytaxtın Nizami rayonunda yerləşən, sahəsi 26 kv.m olan əmlakın ilkin start qiyməti 5 min 200 manat təşkil edir.

Müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Almaniya və Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 10 min 286 manatla 19 min 460 manat arasında dəyişir. Buraxılış tarixləri isə 2008-2009-cu illəri əhatə edir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. 

Qeyd edilməlidir ki, mühüm yenilik olan Elektron hərrac vasitəsilə vətəndaş sifariş verdiyi əmlakın özəlləşdirməsində iştirak edə bilər. Bunun üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını özəlləşdirə bilirlər.

         Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.