İş yerini tərk etmədən çıxarışını al

İş yerini tərk etmədən çıxarışını al 2018-05-30 13:32:54

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əhalinin məmnunluğuna səbəb ola bilən daha bir sosial aksiya reallaşıb. Budəfəki aksiya “İş yerini tərk etmədən çıxarışını al” devizi altında keçirilib. Söhbət “Xidmət məkanınızdadır” prinsipinə əsaslanan “Kütləvi çıxarış” kampaniyasından gedir. Belə ki, bu sosial tədbirin təşkil edildiyi ərazilər əhaliyə uyğun və yaşadıqları yerlərə olduqca yaxındır. Başqa sözlə, kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarına çatdıraraq onların vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır.      

Belə xidmətlər əhalinin bir başa iş yerlərində də göstərilir. Bu kampaniya müəssisələrdə keçirilməklə çoxlu sayda işçiləri və böyük kollektivi əhatə edir.

İş yerində təşkil olunan növbəti belə çıxarış kampaniyası 25 may tarixində Astara rayonunda yerləşən çay fabrikinin çoxsaylı əmək kollektivi üçün keçirilib. Fabrikin əməkdaşları iş yerini tərk etmədən çıxarışa sahib olublar. Bu sosial layihə işçilərə vaxtlarını daha səmərəli planlaşdırmasına, əmlaklarına dair sənəd almaq üçün əlavə ünvanlara getməməsinə şərait yaradıb. Həmçinin bu, müəssisədə iş rejiminin pozulmamasına, heyətin işdən uzunmüddətli ayrılmamasına imkan verir.

Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 80-ə yaxın zavod işçilərinə əmlaklarına dair hazır çıxarışlar bir başa iş yerlərində təqdim edilib. Bu isə zavoda rayonun müxtəlif kənd və qəsəbələrindən həmçinin ətraf rayonlardan işləməyə gələn insanların əlavə məsafə qət etməsini aradan qaldırır. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Vaxtlarına qənaət edən işçilər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər

Həmin gün hüquqi yardıma ehtiyacı olan şəxslərin sualları da cavablandırılıb. Sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımı sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan əhalinin sualları cavablandırılıb, prosedurlar izah olunub.

Qeyd edilməlidir ki, vətəndaşın yanında olma prinsipini həyata keçirən xidmətlərdən biri də elektron çıxarışın tətbiq edilməsidir. Sistemin üstünlükləri mülkiyyətçiləri özünə cəlb etməkdədir. Xidmətdən istifadə edənlərin sayı artır. Artıq Azərbaycanda 2000-dən çox elektron çıxarış sahibi var.  

 “Kütləvi çıxarış” kampaniyasının birbaşa ünvanlarda, iş yerlərində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı iqtisadi əhəmiyyəti də var. Ölkə üzrə təhlükəsiz və etibarlı daşınmaz əmlakı olan mülkiyyətçi təbəqəsi formalaşır. Alqı-satqı, ipoteka  əməliyyatları daha rahat və operativ təşkil edilir. Həmçinin bu digər vətəndaşların da qeydiyyata maraq göstərməsinə, öz əmlakını sənədləşdirilməsinə stimul verir.

Qeyd edilməlidir ki, “Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir. Xidmətlər zamanı sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılır, qəbul olunur, növbəti prosedurlar ətraflı izah edilir.