Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının səyyar ofisinin bu həftəki dayanacağı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsidir. Xidmətlərdən istifadə etmək istəyən sakinlər 12-16 noyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər Qobustan qəsəbəsi, Zahid Qasımov küçəsi, 22 (Mədəniyyət evinin qarşısı) ünvanındakı mobil ofislərə yaxınlaşa bilərlər. Müraciət edən hər bir vətəndaşa diqqətlə yanaşan komitə əməkdaşları bütün növ daşınmaz əmlakların qeydiyyat xidmətlərini göstərməklə bərabər, verilən sualları qanunvericiliyə uyğun cavablandırır, hüquqi məsləhətlər verir.
Bu kampaniyanın əsas hədəfi daha operativ və əlçatan formada mülkiyyət hüququndan istifadəni təmin etmək, ölkədə leqal daşınmaz əmlakların sayını artırmaqdır. Bütün lazimi avadanlıqlarla təmin olunmuş mobil ofislərdə müasir və innovativ üsullarla göstərilən xidmətlər birbaşa olaraq vətəndaş rahatlığına yönəlib. Müvafiq ərazi idarəsi ilə yaradılan əlaqə və məlumat mübadiləsi əsasında xidmətlərin struktur bölmələrdəki kimi göstərilməsi vətəndaş məmnunluğu ilə nəticələnir.
Qeyd edək ki, bu sosial kampaniya fəaliyyətə başladığı gündən ölkə üzrə ümumilikdə 17 kənd və qəsəbə sakinlərini bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri ilə təmin edib. Mindən çox vətəndaş vaxt itirmədən, gündəlik məşğuliyyətdən uzaqlaşmadan ictimai əhəmiyyətli aksiyanın üstünlüklərindən istifadə edib.