“Azərbaycan Respublikasının Mülki Məcəlləsi”ndən çıxarış

2014-07-21 12:55:42

AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİNDƏN

Ç I X A R I Ş

  

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı

 

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

 

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;

139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;

139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:

139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;

139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;

139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:

139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

 

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası

 

Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

 

Maddə 141 . Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması

 

141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

 

Maddə 142. Daşınmaz əmlakın qeydiyyatı üçün rüsum – Çıxarılmışdır.

 

Maddə 143. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə nəzarət – Çıxarılmışdır.

 

Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi

 

144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır.

144.3. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.

144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur.

144.5. Əgər daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi üçün təsdiqləyici sənədlər təqdim edilməzsə, ərizə rədd edilmiş sayılır. Əgər söhbət yalnız sərəncam hüququnu təsdiq edən sənədə əlavədən gedirsə, onda ilkin qeydiyyat mülkiyyətçinin razılığı ilə aparılır.

 

Maddə 145. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizə – Çıxarılmışdır.

 

Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi

 

146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.

146.4. Daşınmaz əmlaka dair müqavilənin notariat qaydasında təsdiqlənməsindən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanına daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyata alınması haqqında müraciət etmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərir. Ərizəyə müqavilənin bir nüsxəsi, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilir. Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir.

146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur.

146.6. Daşınmaz əmlakın və ya ona dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün sənədlər natamam olduqda, mülkiyyətçinin razılığı ilə və ya məhkəmə qərarı əsasında dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər.

146.7. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır.

146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir.

 

Maddə 147. Qabaqcadan qeydiyyat

 

147.1. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də qabaqcadan qeydiyyatın aparılmasına yol verilir.

147.2. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında verildiyi halda da tətbiq edilir.

147.3. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat üçün tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir.

 

Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı

 

148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.

148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

148.2-1. Hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarış notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir.

148.3. Daşınmaz əmlakın təsviri, bu əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış qanunla müəyyən edilmiş hallarda və qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər , notariat hərəkətləri aparan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə edilir.

148.4. İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına nəzarət orqanı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.

 

Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması

 

149.1. Çıxarılmışdır.

149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

 

Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi

 

150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.

150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər.

 

Maddə 151. Daşınmaz əmlakın dövlət reyestrində düzəliş

 

151.1. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanı maraqlı şəxslərin yazılı razılığı olmadan yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən reyestrdə dəyişiklik edə bilər.

151.2. Sadə səhvlər və texniki xətalar xidməti qaydada düzəldilir.

 

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

 

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.

152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.

152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.

 

Maddə 153. Mülkiyyət hüququnun subyektləri

 

153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.

153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

 

Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ

 

154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.

154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.

154.3. Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir.

 

Maddə 155. Dövlət mülkiyyəti hüququ

 

155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.

155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.

155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.

155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.

 

Maddə 156. Bələdiyyələrin mülkiyyət hüququ

 

156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

156.2. Yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir.

 

Maddə 157. Mülkiyyətin müdafiəsi

 

157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

157.3. Çıxarılmışdır.

157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

 

Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları

 

158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:

158.1.1. girov hüququ;

158.1.2. əmlakdan istifadə hüququ;

158.1.3. servitutlar.

158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

 

Maddə 159. Əşyaya sahiblik

 

 

Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

 

Maddə 160. Vasitəsiz və vasitəli sahiblik

 

Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

 

Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi

 

Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.

 

Maddə 162. Sahibliyin müvəqqəti kəsilməsi

 

Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.

 

Maddə 163. Sahibliyin verilməsi

 

163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.

163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir.

 

Maddə 164. Sahibliyin müdafiəsi

 

164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

 

Maddə 165. Sahibliyin pozulması

 

165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

 

Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi

 

166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.

166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

 

Maddə 167. Vicdansız sahibin əşyanı qaytarmaq vəzifəsi – Çıxarılmışdır.

 

Maddə 168. Vicdanlı sahibin mülkiyyətçi qarşısında məsuliyyətinin olmaması – Çıxarılmışdır.

 

Maddə 169. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının ümumi müddəaları

 

169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.

169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.

169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.

 

Maddə 170. Qonşuluq hüququ

 

170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.

 

Maddə 173. Çıxıntılı binalar

 

173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.

173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər.

173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər.

 

Maddə 175. Özgənin sahibliyində olan sahədən zəruri yol və keçid

 

175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

 

Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi

 

176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.

176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.

176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.

 

Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi

 

178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

178.3. Əgər daşqın, torpağın səpələnməsi və ya yerdəyişməsi, çayın yatağının və ya səviyyəsinin dəyişməsi nəticəsində, yaxud başqa şəkildə yeni ərazi meydana gəlmişsə, o, bitişik torpaq sahəsində birləşdirilir.

178.4. Torpağın bir torpaq sahəsindən digərinə yerdəyişməsi sahələrin hüdudlarının dəyişməsinə səbəb olmur.

178.5. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır.

178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur.

178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

 

Maddə 179. Əldə etmə müddəti

 

179.1. Çıxarılmışdır.

179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər.

179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.

179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

 

Maddə 180. Özbaşına tikinti və onun nəticələri

 

180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

 

Maddə 193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı

 

193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.

193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir.

193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur.

 

Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri

 

203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.

203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:

203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;

203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;

203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;

203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;

203.3.5. rekvizisiya;

203.3.6. müsadirə.

203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.

203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir.

 

Maddə 204. Mülkiyyət hüququndan imtina

 

204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır.

204.2. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir.

 

Maddə 205. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi

 

205.1. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir.

205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.

 

Maddə 206. Şəxsin ona mənsub ola bilməyən əmlaka mülkiyyət hüququna xitam verilməsi

 

206.1. Əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir.

206.2. Mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır.

206.3. Əgər qanunun yol verdiyi əsaslara görə fiziki və ya hüquqi şəxsin mülkiyyətinə əldə edilməsinə xüsusi icazə tələb olunan və mülkiyyətçiyə belə icazənin verilməsindən imtina edilən əmlak düşərsə, bu əmlak həmin mülkiyyətçiyə mənsub ola bilməyən əmlak üçün müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirilməlidir.

 

Maddə 207. Torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi

 

207.1. Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər.

207.2. Çıxarılmışdır.

 

Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri

 

Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir.

 

Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi

 

Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.

 

Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları

 

213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.

213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər.

213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.

 

Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi

 

214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.

214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.

214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.

 

Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi

 

215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər:

215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti;

215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.

215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

 

Maddə 216. Paylı mülkiyyətdə olan əşyanın istifadəsindən bəhər, məhsul və gəlir

 

Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.

 

Maddə 217. Paylı mülkiyyətdə olan əmlakın saxlanması xərcləri

 

217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.

217.2. Mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.

217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər.

217.4. Əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər.

217.5. Əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar onun istifadə və sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın və qalan iştirakçılar yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən hissəsini öz üzərlərinə götürsünlər.

 

Maddə 218. Satın almaqda üstünlük hüququ

 

218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.

218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

218.4. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir.

218.5. Bu maddənin qaydaları pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildikdə də tətbiq edilir.

 

Maddə 219. Ümumi paylı mülkiyyət hüququndakı payın müqavilə üzrə əldə edənə keçməsi anı

 

219.1. Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir.

219.2. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir.

 

Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması

 

220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

 

Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi

 

Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

 

Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi

 

222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz.

 

Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması

 

223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.

223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

 

Maddə 224. Ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi

 

224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.

 

Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti

 

225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.

225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

 

Maddə 226. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ anlayışı

 

226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.

226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.

226.3. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər.

226.4. Yaşayış binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.

 

Maddə 227. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti

 

227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.

 

Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ

 

228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.

228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

 

Maddə 229. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı

 

229.1. Yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin hüquqi şəxs olmayan yığıncağını təşkil edir.

229.2. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının ləğvini tələb etmək yolverilməzdir.

 

Maddə 230. Yaşayış binasının tərkib hissələrinin vahidləri

 

Yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda "yaşayış binasının tərkib hissələrinin vahidləri" adlandırılır.

 

Maddə 231. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdə hüquqları

 

231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir:

231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ;

231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri;

231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular.

231.2. binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir.

 

Maddə 232. Yaşayış binasının tərkib hissəsini əldə etməkdə üstünlük hüququnun məhdudlaşdırılması

 

Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının tərkib hissəsinin digər mülkiyyətçisindən onun payını əldə etmiş və ya sonrakı razılaşma yolu ilə bu cür üstünlük hüququnu başqasına vermiş və qabaqcadan onu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış üçüncü şəxs barəsində əldə etmədə üstünlük hüququna malik deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə bilər ki, yaşayış binasının tərkib hissəsinin özgəninkiləşdirilməsi, onun istifadə hüququ və ya mənzil hüququ ilə yüklü edilməsi, habelə kirayəyə verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki, yaşayış binasının tərkib hissəsinin qalan mülkiyyətçiləri müvafiq qərar qəbul edərək, onlara məlumat verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər etiraz tutarlı əsas olmadan verilmişdirsə, etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının xahişi ilə onun iddiasının təmin edilməsi barədə sərəncam verir.

 

Maddə 233. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması

 

233.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında tələb edilə bilər:

233.1.1. mülkiyyətçilərin yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndakı paylarının rəsmiləşdirilməsinə dair müqavilə;

233.1.2. daşınmaz əmlak mülkiyyətçisinin və ya müstəqil və sürəkli tikinti hüququ sahibinin belə mülkiyyətin paylarının yaradılması və onların yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə ərizəsi.

233.2. Əqdin etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi və ya əgər vəsiyyətnamə və ya miras bölgüsü haqqında müqavilə varsa, müvafiq forma zəruridir.

233.3. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun əsaslandırılması aktında ərazi bölgüsündən başqa, yaşayış binasının hər bir tərkib hissəsinin payı daşınmaz əmlakın və ya tikinti hüququnun yüzdə bir və ya mində bir misli ilə göstərilməlidir. Payların dəyərinin dəyişdirilməsi üçün yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının razılığı və icazəsi tələb olunur; lakin əgər mülkiyyətçinin payı yanlış müəyyənləşdirilmişsə və ya binada və ya onun həndəvərində tikinti dəyişiklikləri nəticəsində yanlış olmuşdursa, mülkiyyətçilərdən hər birinin düzəliş hüququ vardır.

 

 Maddə 234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna xitam verilməsi

 

Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər.

 

Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi

 

238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.

238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir.

 

Maddə 239. Torpaq sahəsinə buraxılma

 

239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

 

Maddə 240. Torpaq sahəsində tikinti

 

240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.

 

Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları

 

241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.

241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.

 

Maddə 242. Torpaq sahəsinə sahiblik və ondan istifadə

 

242.1. Çıxarılmışdır.

242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

 

Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ

 

243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.

 

Maddə 244. Torpaq sahəsindən istifadə hüququna xitam verilməsinin nəticələri

 

Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir.

 

Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi

 

Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

 

Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması

 

246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.

246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.

246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir:

246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir;

246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür;

246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir.

246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir.

246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz.

246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 

Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiya

 

247.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır:

247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi;

247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi.

247.2. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır:

247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;

247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya;

247.2.3. torpağın (tikilinin) “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiyməti;

247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər;

247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;

247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər.

247.3. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınan torpağa veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınmır:

247.3.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi;

247.3.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması;

247.3.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması;

247.3.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması;

247.3.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidən qurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər.

247.4. Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir:

247.4.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi;

247.4.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;

247.4.3. kənd təsərrüfatı torpaqları itirildikdə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar;

247.4.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar;

247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi;

247.4.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər;

247.4.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat;

247.4.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi;

247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları.

247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər.

 

Maddə 248. Məhkəmə təsdiqi

 

248.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.

248.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir:

248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının;

248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının;

248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin.

248.3. Torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər:

248.3.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olması;

248.3.2. torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması;

248.3.3. təklif olunan kompensasiyanın ədalətli olmaması;

248.3.4. alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması;

248.3.5. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi.

248.4. Torpaq üzərində hüquqların alınma prosedurlarını başa çatdırmaq üçün tələb olunan hər hansı hərəkətlərlə əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin üzərinə heç bir xərc, ödəmə, yaxud başqa maliyyə tələbləri qoyula və ya alına bilməz.

 

Maddə 249. Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi

 

249.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən:

249.1.1. həmin torpaq alınan torpaq kimi tanınır;

249.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir;

249.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır;

249.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır;

249.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədi ilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır;

249.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslərə və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır;

249.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır.

249.2. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər.

249.3. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra alınan torpaqda başlanılmış tikintinin (inşaat işlərinin) dayandırılması və (və ya) tikilinin sökülməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirləri həyata keçirə bilər.

249.4. Alan orqan torpağın alınması haqqında qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini alınmanın təsirinə məruz qalan şəxslərin diqqətinə çatdırmaq vəzifəsini daşıyır.

 

Maddə 250. Tikintiyə vərəsəlik hüququ anlayışı

 

250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

250.2. Tikintiyə vərəsəlik hüququ tikinti üçün zəruri olmayan, lakin binadan daha yaxşı istifadə etməyə imkan verən torpaq sahəsi hissəsinə şamil edilə bilər.

250.3. Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün - doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - qırx doqquz ildən çox ola bilməz.

 

Maddə 251. Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə

 

251.1. Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

251.2. Tikintiyə hüququn məzmunu və həcmi haqqında, məsələn, binaların mövqeyi, forması, genişləndirilməsi və təyinatı haqqında, habelə tikinti aparılmamış və həmin hüququn həyata keçirilməsi üçün istifadə edilə bilən sahələrdən istifadə haqqında müqavilə müddəaları tikintiyə vərəsəlik hüququnu əldə edən hər bir şəxs üçün məcburidir. Eyni qayda tikintiyə vərəsəlik hüququ subyektinin müəyyən şərtlər yarandıqda bu hüququ daşınmaz əmlakın mülkiyyətçisinə vermək öhdəliyi üçün də etibarlıdır.

 

Maddə 252. Tikintiyə vərəsəlik hüququ haqqında müqaviləyə xitam verilməsi

 

252.1. Əgər tikintiyə vərəsəlik hüququ haqqında müqavilənin qüvvəsinə xitam verilirsə, mövcud binalar torpaq sahəsinin mülkiyyətçisinə keçir (mülkiyyətçiyə qayıtma) və onun torpaq sahəsinin tərkib hissələrinə çevrilir.

252.2. Tikintiyə vərəsəlik hüququ onun verildiyi müddət qurtardıqda və ya tərəflər qarşılıqlı razılaşmaya gəldikdə ləğv edilir.

252.3. Əgər tikintiyə vərəsəlik hüququnu əldə etmiş şəxs öz əşya hüququnu kobudcasına aşırsa və ya müqavilə öhdəliklərini pozursa, torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnun ondan irəli gələn bütün hüquq və yüklülüklərlə birlikdə ona keçməsini tələb edərək həmin hüquqa vaxtından əvvəl xitam verilməsinə nail ola bilər.

252.4. Torpaq sahəsinin mülkiyyətçisi müqaviləyə xitam verildikdən sonra ona keçən binalar üçün tikintiyə vərəsəlik hüququ olmuş şəxsə ağlabatan kompensasiya ödəməlidir. hüquq vaxtından əvvəl qayıtdıqda kompensasiya tikintiyə vərəsəlik hüququ subyektinin təqsirli davranışı kompensasiyanın azaldılması üçün əsas kimi nəzərə alınmaqla hesablanır. Tikintiyə vərəsəlik hüququ yalnız o halda torpaq sahəsinin mülkiyyətçisinə keçir və ya ona xitam verilir ki, kompensasiya ödənilmiş olsun və ya girov qoyulsun. Bu kompensasiya tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi kreditorlar üçün qarantiya sayılır, onların razılığı olmadan tikintiyə vərəsəlik hüququnun əvvəlki subyektinə kompensasiya ödəmək olmaz.

252.5. Əgər kompensasiya ödənilmirsə və ya girov qoyulmursa, tikintiyə vərəsəlik hüququnun əvvəlki subyekti və ya tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi kreditor tələb edə bilər ki, tikintiyə vərəsəlik hüququnun ləğv edilməsi əvəzinə kompensasiya barədə tələbin təmin edilməsi üçün eyni dərəcəli ipoteka qeydə alınsın. Qeydiyyat tikintiyə vərəsəlik hüququna xitam verilməsindən ən geci üç ay keçənədək aparılmalıdır.

252.6. Kompensasiyanın miqdarı və müəyyənləşdirilməsi proseduru haqqında, habelə kompensasiya vermək vəzifəsinin ləğvi və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpası haqqında tikintiyə vərəsəlik hüququnun əsaslandırılması üçün zəruri olan formada razılaşmalar qəbul edilə və daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.

252.7. Binanın məhvi tikintiyə vərəsəlik hüququna xitam verilməsinə səbəb olmur, tikintiyə vərəsəlik hüququ olan şəxs ondan imtina edə bilər ki, bunun da nəticəsində ona xitam verilir.

 

Maddə 253. Tikintiyə vərəsəlik hüququ üçün haqq

 

253.1. Daşınmaz əmlakın mülkiyyətçisi tikintiyə vərəsəlik hüququ üçün haqq almaq hüququna malikdir.

253.2. Tikintiyə vərəsəlik hüququna birtərəfli qaydada mülkiyyətçi yalnız iki il ərzində ödənişlərin verilməməsi ilə əlaqədar xitam verə bilər.

253.3. Tikintiyə vərəsəlik hüququ üçün haqq ödənilməsinin təmin edilməsi məqsədilə torpaq sahəsi mülkiyyətçisinin tikintiyə vərəsəlik hüququnun həmin subyekti barəsində ixtiyarı var ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış tikintiyə vərəsəlik hüququ üçün girov hüququnu ən çoxu üç illik haqq həcmində qeydə aldırsın. Əgər qarşılıqlı öhdəlik bərabər illik haqlar şəklində müəyyənləşdirilməyibsə, bərabər bölgü zamanı üç ilə düşən məbləğin girovu üçün qanuni hüquq tələb edilə bilər.

253.4. Girov hüququ tikintiyə vərəsəlik hüququnun mövcud olduğu dövrdə istənilən vaxt qeydə alına bilər və hərracdan açıq satış vasitəsilə onun ləğvinə yol verilmir.

 

Maddə 254. Tikintiyə vərəsəlik hüququ olan şəxsin torpaq sahəsini satın almaqda üstünlük hüququ

 

Tikintiyə vərəsəlik hüququ olan şəxs torpaq sahəsini satın almaqda üstünlük hüququna malikdir. Torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnu satın almaqda üstünlük hüququna malikdir.

 

Maddə 255. Servitut anlayışı

 

255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.

255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.

255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir.

255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın.

255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır.

255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.

 

Maddə 256. Servitutun qeydə alınması

 

256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.

256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

 

Maddə 257. Servitut tərəflərinin vəzifələri

 

257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın.

257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir.

 

Maddə 258. Servitutun məzmunu

 

258.1. Servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur.

258.2. Servitutun məzmunu daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısında qeyd olunmalıdır.

258.3. Qeydiyyat yazısında servitutla yüklü olan daşınmaz əşyanın planı servitutun yeri ilə birlikdə göstərilməlidir.

 

Maddə 259. İxtiyarlı şəxsin və yüklü olan mülkiyyətçinin hüquqlarının müdafiəsi

 

259.1. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir.

259.2. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxsin və onun daşınmaz əşyasının tələbatı dəyişərsə, yüklü olan mülkiyyətçini əlavə yüklü etmək imkanına yol verilmir.

259.3. Əgər servitutun həyata keçirilməsi üçün qurğu varsa, ixtiyarlı şəxs onun saxlanması xərclərini çəkməlidir. Qurğu həm də yüklü olan mülkiyyətçinin mənafelərinə xidmət üçün nəzərdə tutulduqda onların hər ikisi qurğunun saxlanması xərclərini öz mənafelərinə mütənasib surətdə çəkirlər.

259.4. Yüklü olan mülkiyyətçi ixtiyarlı şəxsin tələbatını nəzərə alaraq servitutun bir yerdən başqa yerə keçirilməsini bu şərtlə tələb edə bilər ki, özünün yerdəyişmədə maraqlı olduğunu sübuta yetirsin və yerdəyişmə xərclərini öz öhdəsinə götürsün.

 

Maddə 260. İxtiyarlı şəxsin daşınmaz əşyasının bölünməsinin nəticələri

 

260.1. Əgər ixtiyarlı şəxsin servitut qoyulmuş daşınmaz əşyası bölünərsə, hər bir bölünmüş hissə üçün ayrılıqda servitut müəyyənləşdirilməlidir. Lakin bu qaydaya yalnız yüklü olan mülkiyyətçinin vəziyyətini pisləşdirməmək şərti ilə yol verilə bilər.

260.2. Əgər yüklü olan daşınmaz əşyanın bölünməsi nəticəsində servitut hissələrdən yalnız birinə şamil edilirsə, onda servitutun şamil edilmədiyi hissəyə bölgüdən sonra servitut təsir göstərmir.

260.3. Servitutda edilən bütün dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində qeyd edilir.

260.4. Daşınmaz əmlakın dövlət reyestrinin əməkdaşları ixtiyarlı şəxsə həmin servitutun ləğv edilməsi xahişi barəsində məlumat verməli və əgər o buna bir ay ərzində etiraz etməzsə, ləğvetməni həyata keçirməlidirlər.

 

Maddə 261. Servitut üçün haqq

 

261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər.

261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir.

 

Maddə 262. Servituta xitam verilməsi

 

262.1. Yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür servituta xitam verilir.

262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər.

262.4. Servituta xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməlidir.

262.5. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisi yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi olursa, o, servituta xitam verə bilər. Xitam verilənədək servitut əşya hüququ kimi saxlanılır.

262.6. Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya tamamilə əvəz edilə bilər.

 

Maddə 263. Uzufrukt anlayışı

 

263.1. Uzufrukt əşyanın və ya hüquqların elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda götürmək hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq bu əşyanı və hüquqları girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə məhdudlaşdırıla bilər.

263.2. Uzufrukt pullu və pulsuz ola bilər.

263.3. Uzufrukt müvəqqəti və ya uzufruktuarın bütün ömrü boyu mövcud ola bilər.

 

Maddə 264. Uzufruktun verilməsi şərtləri

 

Uzufruktun verilməsi üçün daşınar əşyalar və ya hüquqlar ilə bağlı halda onların uzufruktuara keçməsi, daşınmaz əşyalarla bağlı halda isə onların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Uzufrukt verilərkən mülkiyyət hüququ haqqında müddəalar qüvvədə olur. Uzufruktun verilməsi bunu nəzərdə tutur ki, onun tərkib hissələri müəyyənləşdirilə biləndir.

 

Maddə 265. Uzufruktuarın hüquq və vəzifələri

 

265.1. Uzufruktdan əvvəl mülkiyyətçi və uzufruktuar uzufrukt üzrə verilən obyektlərin vəziyyətini təsvir edə bilərlər.

265.2. Mülkiyyətçinin razılığı olmadan uzufruktuar istifadə məqsədini dəyişdirə bilməz.

265.3. Uzufruktuarın ixtiyarı var ki, əşyadan onun adi təsərrüfat tətbiqi nəticəsində əldə edilməmiş bəhəri və faydanı da əldə etsin. Bu halda o, belə tətbiq nəticəsində əşyaya dəymiş ziyanın əvəzini mülkiyyətçiyə ödəməyə borcludur.

265.4. Əgər uzufruktuar etməyə borclu olmadığı xərclər çəkmişsə və ya yeniliklər tətbiq etmişsə, qaytarma zamanı tapşırıqsız idarəçi kimi onlar üçün kompensasiya tələb edə bilər. Əgər onun yaratdığı qurğular üçün mülkiyyətçi kompensasiya vermək niyyətində deyildirsə, o həmin qurğuları geri götürə bilər, lakin əşyanın əvvəlki vəziyyətini bərpa etməyə borcludur.

265.5. Uzufruktuar əşyaya sahiblik, ondan istifadə və əşyadan fayda götürmək hüququna malikdir. O, əşyanın idarə olunmasını təmin edir. Öz hüququnu həyata keçirərkən o, vicdanlı təsərrüfatçılıq qaydalarına uyğun hərəkət etməlidir. Uzufruktuar əşyanın normal aşınması üçün məsuliyyət daşımır. O, cari xərcləri ödəməyə, əşyanı təmir etməyə, habelə ona normal təsərrüfat qulluğunun qayğısına qalmağa borcludur.

265.6. Mülkiyyətçinin əşyanın dəyişdirilməsi və ya dəyərinin azaldılması nəticəsində kompensasiya iddiaları, habelə uzufruktuarın xərclər üçün kompensasiya və ya qurğuların geri götürülməsi iddiaları əşyanın qaytarılmasından bir il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

265.7. Bəhərlər uzufruktuarın ixtiyarlı olduğu dövrdə təsərrüfatın lazımınca aparılması çərçivəsində yetişdirilmişsə, uzufruktuara mənsubdur.

265.8. Uzufrukt obyektləri üzrə haqq və digər vaxtaşırı xidmətlər, hətta onların icra müddəti istifadə hüququna xitam verildikdən sonra çatdıqda belə, uzufruktuarın hüququnun başlandığı gündən hüququna xitam verildiyi anadək ona mənsubdur.

265.9. Əgər uzufrukt yalnız müəyyən şəxsə verilməyibsə, uzufruktuar onu həyata keçirilmək üçün başqa şəxsə verə bilər. Bu şəxs barəsində mülkiyyətçi öz hüquqlarını bilavasitə həyata keçirir.

265.10. Uzufruktuar uzufruktun mövcud olduğu bütün dövr üçün əşyanı müvafiq surətdə sığorta etdirməyə borcludur. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir.

265.11. Əgər əşya və ya onun bir hissəsi məhv olarsa, zədələnərsə və ya onun saxlanması üçün gözlənilməz xərclər lazım gələrsə, uzufruktuar bunu ləngimədən mülkiyyətçiyə bildirməlidir. O, mənfi nəticələri aradan qaldırmaq üçün mülkiyyətçinin həyata keçirdiyi tədbirlərə və hərəkətlərə dözməlidir. Mülkiyyətçi müvafiq tədbirləri görməyə borclu deyildir. Əgər bu tədbirləri uzufruktuar özü həyata keçirirsə, uzufrukt qurtardıqda o, həmin tədbirlər və hərəkətlər nəticəsində əşyaya əlavə etdiyi predmetləri ayıra bilər və ya bunun üçün mülkiyyətçidən müvafiq kompensasiya tələb edə bilər.

265.12. Əgər uzufruktuar normal təsərrüfat fəaliyyəti daxilində ayrı-ayrı predmetləri özgəninkiləşdirərsə, özgəninkiləşdirilən predmetlərin yerini onun əldə etdiyi predmetlər tutmalıdır.

265.13. Uzufruktuar əşyanın məhv olması və dəyərinin azalması üçün, əgər zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməzsə, məsuliyyət daşıyır. O, istifadəyə daxil olmamış və işlədilmiş predmetlərin əvəzini verməlidir. O, əşyadan düzgün istifadə ilə əlaqədar predmetlərin dəyərinin azalmasının əvəzini ödəməyə borclu deyildir.

265.14. Daşınmaz əşyanın uzufruktuarı göz qoymalıdır ki, daşınmaz əşyadan həddən artıq istifadə edilməsin. Bu həddən artıq əldə edilmiş bəhərlər mülkiyyətçiyə mənsubdur.

265.15. Uzufruktuara torpaq sahəsinin təsərrüfat təyinatında mülkiyyətçi üçün mühüm zərərə səbəb ola biləcək hər hansı dəyişikliklər etməyə icazə verilmir. O, torpaq sahəsini əhəmiyyətli dərəcədə dəyişdirə bilməz.

265.16. Əgər ayrı qayda müəyyənləşdirilməyibsə, uzufruktuar işlətdiyi əşyalara mülkiyyət hüququ əldə edir, lakin istifadə hüququ qüvvəyə minənədək onların mövcud olmuş dəyərinin əvəzini ödəməyə borcludur.

 

Maddə 266. Uzufruktla yüklü edilmiş əşyanın mülkiyyətçisinin hüquq və vəzifələri

 

266.1. Mülkiyyətçi əşyadan hər bir qanunsuz istifadəyə və ya təyinatından kənar istifadəyə etiraz edə bilər. Əgər uzufruktuar etiraza məhəl qoymursa, mülkiyyətçi vurulmuş ziyanın əvəzinin ödənilməsini və ya uzufrukta xitam verilməsini məhkəmə qaydasında tələb edə bilər.

266.2. Mülkiyyətçi əşyasının və ya hüquqlarının təhlükədə olduğunu sübuta yetirərsə, uzufruktuardan girov tələb edə bilər. Əgər uzufruktun predmeti istehlak edilən əşyalardan və ya qiymətli kağızlardan ibarətdirsə, o, qarantiyanı sübut gətirmədən və əşya verilənədək tələb edə bilər. Qiymətli kağızlarla bağlı halda onların depozitə qoyulması yetərli qarantiyadır. Qarantiya alınması üçün iddia istifadə hüququnu saxlamaqla predmeti mülkiyyətçiyə bağışlamış şəxs barəsində irəli sürülə bilməz.

266.3. Əgər uzufruktuar onun üçün təyin edilmiş ağlabatan müddət ərzində girov verməzsə və ya mülkiyyətçinin etirazına baxmayaraq əşyadan qanunsuz istifadəyə son qoymazsa, məhkəmə qərar qəbul edənədək onu əşyaya sahiblikdən məhrum etməlidir.

266.4. Mülkiyyətçi və uzufruktuar istənilən vaxt əşyanın onların hesabına qiymətləndirilməsini tələb edə bilərlər.

266.5. Uzufruktuar özü əşyanı saz saxlamalı və əşyanın adi qaydada saz saxlanmasına aid yaxşılaşdırmaları və yeniləşdirmələri müstəqil həyata keçirməlidir. Əgər əşyanın qorunması üçün daha mürəkkəb işlərin və ya tədbirlərin görülməsi zəruridirsə, uzufruktuar bu barədə mülkiyyətçiyə məlumat verməli və lazım gəldikdə bunların mülkiyyətçinin qüvvəsi ilə həyata keçirilməsinə icazə verməlidir. Əgər mülkiyyətçi bunu etməzsə, uzufruktuar həmin işləri və tədbirləri mülkiyyətçinin hesabına özü görə bilər.

266.6. Adi saxlama və təsərrüfat istifadəsi xərclərini, bununla bağlı müvafiq borclar üzrə faizləri, habelə vergiləri və rüsumları uzufruktuar ixtiyarlı olduğu müddətə uyğun ödəyir. Əgər vergilər və ayırmalar mülkiyyətçidən tutulursa, uzufruktuar onların əvəzini eyni həcmdə ödəməlidir. Bütün başqa xərcləri mülkiyyətçi çəkir.

 

Maddə 267. Mənzilə uzufruktun xüsusiyyətləri

 

267.1. Mənzilə uzufrukt binada və ya onun bir hissəsində mənzilə malik olmaq ixtiyarından ibarətdir. O, üçüncü şəxslərə verilə bilməz və vərəsəlik üzrə keçmir. Ona istifadə hüququ haqqında müddəalar şamil edilir.

267.2. Mənzilə uzufrukt adətən uzufruktuarın şəxsi tələbatı ilə müəyyənləşdirilir. Lakin o, əgər mülkiyyətçi birbaşa şərt qoymayıbsa, öz ailəsinin üzvlərini və ya binada onunla birgə yaşayanları öz mənzilinə götürə bilər. Əgər mənzil hüququ binanın bir hissəsi ilə məhdudlaşıbsa, uzufruktuar birgə istifadə üçün nəzərdə tutulan predmetlərdən istifadə edə bilər.

267.3. Əgər uzufruktuarın müstəsna mənzil hüququ varsa, o, mənzilin adi saxlanması xərclərini çəkir. Əgər onun birgə istifadəyə hüququ varsa, mənzilin saxlanması xərclərini mülkiyyətçi çəkir.

 

Maddə 268. Uzufrukta xitam verilməsi

 

268.1. Uzufrukta əşya tamamilə məhv olduqda, uzufruktun müddəti bitdikdə, uzufruktuar uzufruktdan imtina etdikdə, habelə uzufruktuarın ölümü ilə əlaqədar olaraq, hüquqi şəxslər üçün isə onların buraxılması ilə əlaqədar olaraq xitam verilir.

268.2. Uzufrukt qurtardıqda uzufruktuar əşyanı mülkiyyətçiyə qaytarmağa borcludur.

268.3. Əgər uzufrukt mülkiyyətlə birlikdə bir şəxsin əlinə düşərsə, uzufrukta xitam verilir.

268.4. Mülkiyyətçi məhv olmuş əşyanı bərpa etməyə borclu deyildir. Əgər o, əşyanı bərpa edərsə, əşyaya uzufrukt da bərpa olunur. Əgər məhv olmuş əşyanın əvəzi verilirsə, uzufrukt əvəz kimi verilmiş əşyaya keçir.

 

Maddə 393. Əmlakın verilməsi barədə müqavilə

 

Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir.

 

Maddə 394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası

 

Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

 

Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi

 

646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

 

Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi

 

648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

 

Maddə 649. Satılmış daşınmaz əşyanın uyğun olmaması

 

Satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir.

 

Maddə 650. Daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqısına tətbiqi

 

Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

 

Maddə 651. Əşyaların alğı-satqısı haqqında müddəaların tələblərin və digər hüquqların alğı-satqısına tətbiqi

 

Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.