Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclara qoşulan şəxslər rahatlıqla seçdikləri dövlət əmlaklarının özəlləşdirməsi prosesində iştirak edir. Yaradılan müasir şərait vətəndaşların həm hərrac keçirilən məkanda, həm də istənilən yerdə elektron formada iştirakını təmin edir. Virtual formada aparılan seçim, qeydiyyat və sifariş prosedurları ilə hər kəs vaxt itirmədən iştirak üçün müraciət edə bilir.
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə komitə tərəfindən növbəti hərrac 27 mart tarixində keçirildi. Budəfəki hərracda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirildi. Qeyri-yaşayış sahələri üzrə keçirilən hərracda iştirakçılar arasında rəqabətli mühit yarandı. Belə ki, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 96.6 kv.m olan obyekt üçün ilkin hərrac qiyməti 25 min manat təyin olunmuşdur. Özəlləşdirmə prosesində 4 iştirakçı arasında yaranan rəqabət dövlət əmlakının qiymətini 3 dəfədən çox artırdı. Hərrac üzrə qalib şəxs bu obyekti 75 min manata özəlləşdirdi. Rəqabətli mühitdə özəlləşdirilən digər qeyri-yaşayış sahəsi Bakı Şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Ümumi faydalı sahəsi 49.2 kv.m olan obyektin ilkin hərrac qiyməti 9 min 750 manat təyin olunmuşdur. Hərrac iştirakçılarından biri 32 min manat təklif edərək bu qeyri-yaşayış sahəsini özəlləşdirdi.
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindəki "Material Təchizat" adlı səhmdar cəmiyyətinin nizamnamə kapitalının 43%-lik səhm paketi investor tərəfindən özəlləşdirildi. Dövlət müəssisəsinin fəaliyyət sahəsinə təchizat, ticarət və məişət üzrə xidmətlər aiddir. Ümumi torpaq sahəsi 8.8 min kv.m olan səhmdar cəmiyyətinin ərazisində inzibati bina, gözətçi binası, anbar və digər binalar var.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə ticarət obyektləri aiddir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrulla Əsgərov küçəsində yerləşən 46 saylı mağazanın ümumi faydalı sahəsi 85.4 kv.m-dir. Ticarət və digər xidmət obyekti kimi istifadəyə imkan verən əmlakı iştirakçı 6 min 750 manata özəlləşdirdi.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Uğurlu biznes imkanları olan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m arasındadır. Hərraca çıxarılan bu növ dövlət əmlakları sənaye, inşaat, xidmət və digər sahələrə aiddir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12.5 kv.m ilə 213.7 kv.m arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlaklarından 7-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Bərdə, Daşkəsən və Sabirabadda yerləşir.
Hərraca çıxarılan hər bir dövlət əmlakı barədə ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Dövlət əmlakları üzrə seçim edən şəxslər elektron formada qeydiyyat və sifariş prosedurlarından keçərək iştirakçı statusu qazana bilər. Hərrac keçirildiyi gün iştirakçılarla bərabər, adi şəxslər də hərraca onlayn formada qoşula bilər.