Dövlət əmlaklarının özəlləşdirilməsi prosesi ölkə üzrə müxtəlif iqtisadi sahələrə investisiyanın yatırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi açıq və innovativ hərraclar sərmayəçilərin, sahibkarların, iş adamlarının və digər şəxslərin özəlləşmədə rahat iştirakına yönəlib. Müasir hərracın üstünlükləri seçim prosesindən hərracda iştiraka qədər bütün prosedurları onlayn formada həyata keçirmək imkanlarını yaradır.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 30 aprel tarixində keçiriləcək. Budəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Dövlət obyektləri təyinat və ərazi baxımından da müxtəlifdir. Onlar arasında təmir-tikinti, xidmət, aqrar və digər sahələr üzrə kifayət qədər dövlət əmlakları var. Bu da investorların biznes layihələri üzrə daha uyğun seçim etmələrinə şərait yaradır. İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 45 saylı Təmir Tikinti Sahəsinin ümumi faydalı sahəsi 555.1 kv.m-dir. Qeyd edək ki, bu dövlət əmlakı 5.4 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.
Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 6-sı Bakıda, 5-i Sumqayıtdadır. Ümumi faydalı sahəsi 49.4 kv.m olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşir. Qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs ondan ofis və xidmət obyekti kimi istifadə edə bilər.
Səhmdar cəmiyyətlərinin 30-45%-lik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Təmir-tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər iqtisadi sahələrə aid olan dövlət əmlakları Yevlax, Beyləqan, İsmayıllı kimi şəhər və rayonlarda yerləşir.
Budəfəki hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1998-2007-ci illərə aiddir. Nissan, Qaz, Kia markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətləri 1.5 min ilə 7 min arasındadır.
Bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştiraka dəvət edir.