Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni qrafiklə vətəndaşların ünvanında olacaq. Belə ki, vətəndaş məmnunluğunun artırılması üçün bu sosial kampaniya bu həftə ərzində iki ünvanda keçiriləcək.
Səyyar xidmət avtobusu 2-3 aprel tarixlərində Binəqədi rayonu, 28 May qəsəbəsi, 8-ci küçədə, (Qəsəbə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında) vətəndaşların xidmətində olacaq. Aprelin 4-ü və 5-də isə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 36 ünvanında (Qəsəbə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında) qeydiyyat xidmətləri göstərəcək.
Kampaniyanın əhatə etdiyi ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlaklar üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə, kampaniyanın keçirildiyi ərazilərin sakinləri fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı sənədlərini mobil ofislərə təqdim edə bilərlər.
Kampaniya daşınmaz əmlaka dair qeydiyyat xidmətlərini əhaliyə daha da yaxınlaşdırmaqla bu sahədə əlçatanlığı artırır. Belə mobil ofislər vasitəsilə əmlaklar daha sadə və innovativ üsullarla sənədləşdirilir, vətəndaşların qeydiyyat orqanı ilə birbaşa ünsiyyəti təmin edilir, o cümlədən digər kənar əlaqələr aradan qaldırılır imkan verir. Kampaniya vasitəsilə sənədləşmə əhalinin geniş kütləsini əhatə edir, qeydiyyat xidmətləri daha sürətli yerinə yetirilir, həmçinin daşınmaz əmlak bazarında leqal əmlakların sayı artırır.
Qeyd edilməlidir ki, qeydiyyatla bağlı sənədləri mobil ofislərlə yanaşı, ərazi idarələrinə də təqdim etmək olar.