Ölkəmizdə özəlləşdirmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçidi, onlayn xidmətlərin tətbiqi, özəlləşməyə çıxarılan dövlət əmlakının müxtəlifliyi investorların, alıcıların cəlb edilməsinə istiqamətlənib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən ay ərzində də dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlərini davam etdirib. Fevral ayı ərzində 3 hərrac keçirilib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi, 3 kiçik dövlət müəssisəsi, 46 nəqliyyat vasitəsi özəlləşdirilib.
Ötən ay ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 24 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 10 onlayn qoşulma reallaşıb.
Fevral ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 6,62 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti ötən ay ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ötən ay ərzində ümumilikdə 264 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 95-i qeyri-yaşayış sahələri üzrə, 169-u isə torpaq sahələrinə dair olub. 2021-ci ilin fevral ayı ilə müqayisədə 172 ədəd və ya 2,9 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 1,74 milyon manatdan artıq vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, fevral ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 8,4 milyon manata yaxın vəsait büdcəyə daxil olub.