İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib 2023-02-18 12:55:05
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Dövlət Xidmətinin rəisi Mətin Eynullayev ötən il ərzində görülən işlər və bu il üçün nəzərdə tutulan tədbirlər barədə media nümayəndələrini məlumatlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan danışan Mətin Eynullayev bildirib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrində, həmçinin azad edilmiş ərazilərinin bərpası və quruculuğu ilə bağlı aidiyyəti tədbirlərin icrasına prioritet verilməklə müvafiq işlər görülüb. 2022-ci il ərzində Dövlət Xidməti tərəfindən daşınmaz əmlak idarəçiliyi və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətlərində tədbirlər davam etdirilib.
Ötən il ərzində Xidmətin fəaliyyət istiqamətlərində 46 dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 1 milyona yaxın elektron müraciət daxil olub. Xidmət tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün yaradılan geniş imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib. 2022-ci il ərzində 304 kiçik dövlət müəssisə və obyekti, 16 açıq səhmdar cəmiyyətinin səhmləri, 262 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi, 513 nəqliyyat vasitəsi özəlləşdirilib. Keçən il dövlət əmlakının özəlləşdirilməsi məqsədilə ümumilikdə 60 hərrac təşkil edilib.
2022-ci il ərzində 3 dövlət müəssisəsi investisiya müsabiqəsinə çıxarılaraq özəlləşdirilib. Bu müəssisələrin özəlləşdirilməsi üzrə investisiya müsabiqələrində qalib gəlmiş investorlar tərəfindən ümumilikdə, təqdim etdikləri investisiya proqramları çərçivəsində 30 milyon manat həcmində investisiya qoyuluşu, 300-ə yaxın iş yerinin açılması və dövlət büdcəsinə birdəfəlik qaydada 12 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulub.
2022-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 115,4 milyon manat təşkil edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% və ya 2,7 milyon manat çoxdur.
Dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib. Belə ki, 2022-ci il ərzində ümumilikdə 3819 yeni icarə müqaviləsi bağlanılıb, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur. Xüsusilə torpaq sahələrinin icarəyə verilməsi sahəsində yeni müqavilələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artaraq 2961 olub.  Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 24,8 milyon manat vəsait ödənilib. Qeyd edək ki, 2021-ci illə müqayisədə 2022-ci ildə icarədən dövlət büdcəsinə 8,6 milyon manat və ya 53% çox vəsait ödənilib.
Mətbuat konfransında daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə olunan nəticələrdən, bu sahədə prosedurların sadələşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərindən də danışılıb. Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanı çərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Fərmanın icrası istiqamətində Zaqatala, Şamaxı, Tərtər rayonlarında, cari ilin yanvar ayında isə Ağdam rayonunda səyyar qeydiyyat xidməti göstərilib, vətəndaşın yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq onlara dövlət reyestrindən çıxarışlar verilir. 35 rayon (şəhər) icra hakimiyyətləri tərəfindən 12 minə yaxın fərdi yaşayış evinin siyahısı təqdim edilib. Siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında 2 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınıb.
Bununla yanaşı, dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi 2022-ci il ərzində də davam edib. Bu istiqamətdə 39 minə yaxın müraciət daxil olub, onlardan 32 mindən çoxu icra edilib.
 Ümumilikdə, ötən illərlə müqayisədə 2022-ci ildə ölkə üzrə daşınmaz əmlakın qeydiyyatı sahəsində ən yüksək göstərici qeydə alınıb. Belə ki, 2022-ci ildə 382319 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ildə daşınmaz əmlak üzərində mülkiyyət hüququ 25,2% artıb.
Tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə məlumatların etibarlı və mərkəzləşdirilmiş elektron mühitdə toplanması məqsədilə yaradılan Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminin təqdimatı olub.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.