Bu ilin yanvar-oktyabr ayları ərzində 406.180 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-oktyabr ayları ərzində 406.180 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb 2023-11-22 12:20:12

2023-cü ilin 10 ayında mülkiyyət hüququ qeydiyyata alınan daşınmaz əmlakların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,1% çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 406.180 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur. 2023-cü ilin 10 ayı üzrə göstəricinin 63.516-sı (16%) ilkin, 342.664-ü (84%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası

2023-cü ilin yanvar-oktyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45.141-i fərdi yaşayış və bağ evi, 79.589-u mənzil, 271.939-u torpaq sahəsi, 2.660-ı qeyri-yaşayış binası, 6.163-ü qeyri-yaşayış sahəsi, 601-i əmlak kompleksi, 87-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 83.904-ü Bakının, qalanı isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-oktyabr ayları ərzində 325.170 texniki pasport tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7% çoxdur. 2023-cü ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,9% artaraq 67.853 təşkil edib.