Bu ilin yanvar-noyabr ayları ərzində 436.533 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-noyabr ayları ərzində 436.533 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb 2023-12-26 12:43:34

2023-cü ilin 11 ayında qeydiyyata alınan mülkiyyət hüququnun sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4% çoxdur. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 436.533 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur. 2023-cü ilin 11 ayı üzrə göstəricinin 67.968-si (15,5%) ilkin, 368.565-i (84,5%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası

2023-cü ilin yanvar-noyabr ayları ərzində fərdi yaşayış və bağ evi üzərində 49.328, mənzil üzərində 86.545, torpaq sahəsi üzərində 290.306, qeyri-yaşayış binası üzərində 2.904, qeyri-yaşayış sahəsi üzərində 6.689, əmlak kompleksi üzərində 673, çoxmərtəbəli yaşayış binası üzərində isə 88 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 91.029-u Bakının, qalanı isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-noyabr ayları ərzində 347.348 texniki pasport tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% çoxdur. 2023-cü ilin 11 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,3% artaraq 74.281 təşkil edib.