Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-may ayları ərzində 23 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-may ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 294 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 36 onlayn qoşulma reallaşıb.
Cari ilin ilk 5 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 59,2 milyon manat təşkil edib, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% artım qeydə alınıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may ayları ərzində 362-si qeyri-yaşayış, 1.157-si torpaq sahəsi üzrə olmaqla 1.519 yeni icarə müqaviləsi bağlanılıb. Dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artım qeydə alınıb.
Beləliklə, 2024-cü ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 74,4 milyon manat vəsait daxil olub.