Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.
Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüququnun tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.
Məlumat üçün: Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci il tarixinədək istismarına icazə verilməsi üçün qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.