Şəkidə istismarına icazə verilən bir sıra obyektlərin çıxarışları sahibkarlara təqdim olunub

Şəkidə istismarına icazə verilən bir sıra obyektlərin çıxarışları sahibkarlara təqdim olunub 2024-10-23 18:32:25
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir. Artıq ölkə üzrə 1.245 bu cür qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

Çıxarışla təmin edilmiş obyektlər paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edir.

Fərmanın icrası çərçivəsində Şəki rayonunda da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Qeyd edək ki, bu ilin 15 oktyabr tarixinədək 10.072 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti qurumlara və qeyri-yaşayış binasının sifarişçilərinə (sahiblərinə) təqdim olunub, 1.245 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, hüquq sahibləri elektron çıxarışla təmin edilib.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüququnun tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir.  Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.

Məlumat üçün:
 Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci il tarixinədək istismarına icazə verilməsi üçün qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.
Digər şəkillər