İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu

2014-07-22 13:57:53

 İpoteka haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.

 

I fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:

1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;

1.0.2. ipoteka kağızı - ipoteka hüququnu təsbit edən adlı qiymətli kağızdır;

1.0.3. ipoteka kağızının qanuni sahibi - ipoteka kağızı üzərində sahiblik hüququ əldə edən şəxsdir;

1.0.4 ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər;

1.0.5. ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir;

1.0.6. ipoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;

1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir;

1.0.8. əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir;

1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

 

M a d d ə 2. İpoteka haqqında qanunvericilik

 

İpoteka ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

 

M a d d ə 3. İpotekanın tətbiq sahəsi

 

3.1.  İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər.

3.2.   Gələcəkdə ortaya çıxa biləcək tələblərin icrası üçün də ipoteka qoyula bilər. Bu halda bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərə əməl edilməlidir.

 

M a d d ə 4. İpoteka ilə təmin edilən tələbin həcmi

 

4.1.            Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir:

4.1.1.   əsas borc;

4.1.2.   faizlər;

4.1.3.  öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi;

4.1.4.  ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

4.2.            Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılmır.

 

Maddə 5. İpoteka saxlayanın əlavə xərclərinin ipoteka ilə təmin edilməsi

 

İpoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir.

 

M a d d ə 6. İpoteka predmeti

 

6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər.

6.2. Mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir.

6.3.   Bölünməz əşyalar hissə-hissə ipoteka qoyula bilməz.

6.4.  İpoteka ümumi ola bilər. Ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər.

6.5. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka saxlayanın razılığı ilə dəyişdirilə bilər. Bu halda ipoteka müqaviləsində dəyişikliklər edilir.

 

M a d d ə 7. İpotekanın xüsusiyyətləri

 

  • İpoteka saxlayanın ipoteka predmetinə dair hüququ, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına da şamil edilir. İpoteka predmetindən istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə ipoteka hüququ ipoteka müqaviləsində nəzərdə tutulmuş hallarda şamil edilir.
  • Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.
  • İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.

 

M a d d ə 8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması

 

8.1.  Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.

8.2.  Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.

 

M a d d ə 9. Sonrakı ipoteka

 

  • Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka).
  • İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir.
  • Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir.
  • Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur.
  • İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir.
  • İpoteka ipoteka kağızı ilə rəsmiləşdirildiyi halda, sonrakı ipotekaya yol verilmir.
  • Sonrakı ipoteka haqqında bu maddə ilə nəzərdə tutulmuş qaydaların pozulması ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək, tələb yerinə yetirilmədikdə isə tutmanı ipoteka predmetinə yönəltmək hüququ verir.

 

II fəsil

 

İPOTEKANIN YARANMASI VƏ DÖVLƏT QEYDİYYATI

 

M a d d ə 10. İpoteka müqaviləsi

 

  • İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
  • İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir.
  • İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir.
  • İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
  • İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.
  • İpoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
  • İpoteka müqaviləsində ipoteka predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka qoyana mənsub olduğu və bu hüququ qeydə alan dövlət orqanı göstərilməlidir.
  • İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.

 

M a d d ə 11. İpotekanın dövlət qeydiyyatı

 

  • Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
  • İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
  • İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.
  • İpoteka müqaviləsində ipoteka kağızının verilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi barədə də məlumat qeyd edilir.
  • Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan (kreditor) olduqda, onlar ipotekanın dövlət qeydiyyatı orqanında birgə ipoteka saxlayanlar kimi qeydə alınırlar.
  • Tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.
  • İpoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun.

 

M a d d ə 12. İpotekanın dövlət qeydiyyatı qaydaları

 

  • Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
  • Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.[1]
  • Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

12.3.1.  ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti;

12.3.2.  qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

  • İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanına ipoteka kağızı və onun notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilir.
  • Daşınar əşyanın rəsmi reyestrini aparan orqan ən geci 5 iş günü müddətində daşınar əşyanın ipotekasının dövlət qeydiyyatını aparır və reyestrdən çıxarışı ipoteka saxlayana təqdim edir. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər dövlət qeydiyyatı orqanında saxlanılır.
  • Çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir.
  • İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və xüsusi möhürü ilə təsdiq edilir və ipoteka saxlayana qaytarılır.
  • Qeydiyyat orqanı ipoteka haqqında məlumat bazasını yaradaraq məlumatın saxlanılmasını təmin etməlidir. Qeydiyyata alınmış ipoteka müqaviləsinin surəti, ipoteka kağızı verildikdə isə ipoteka kağızının surəti dövlət qeydiyyatı orqanının arxivində saxlanılır.
  • Daşınar əşya üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair rəsmi reyestrdən arayış 3 təqvim günü müddətində hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına verilir.

12.10. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilməsi barədə maraqlı şəxslərin ərizəsi təqdim edildiyi gündən ən geci 3 iş günü müddətində reyestrdə və ya reyestrdən çıxarışda düzəlişlər aparılır.

12.11. Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 13.            Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatından imtina və onun dayandırılması

 

13.1.  Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:

13.1.1.  qeydiyyat üçün təqdim edilən sənədlər tam olmadıqda;

13.1.2. ipoteka qoyan şəxs həmin əşyaya sərəncam vermək səlahiyyətinə malik olmadıqda və ya bu hüquq qanunvericiliyə müvafiq qaydada məhdudlaşdırıldıqda.

13.2.  İpoteka predmeti üzərində hüquqa dair məhkəmə mübahisəsi olduqda mübahisənin həll olunmasına qədər məhkəmənin qərarı əsasında daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı dayandırıla bilər.

13.3.  Dövlət qeydiyyatından imtina və ya onun dayandırılması barədə qərar qəbul edildikdə qeydiyyat orqanı qeydiyyat üçün nəzərdə tutulan müddətdən gec olmayaraq imtinanın və ya dayandırılmanın səbəbləri barədə ərizəçiyə yazılı məlumat verməlidir.

13.4.  Qeydiyyatdan imtina və ya dayandırılma ilə bağlı hallar aradan qaldırıldıqdan sonra ipoteka dövlət qeydiyyatına alınır.

13.5.  İpotekanın dövlət qeydiyyatından əsassız imtina və ya dayandırılma ilə, yaxud ipotekanın qeydiyyatının qanunsuz aparılması ilə əlaqədar olaraq, maraqlı şəxsin inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır.[2]

 

M a d d ə 14. İpotekanın əlavə dövlət qeydiyyatı[3]

 

14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır:

14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə;

14.1.2.   əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə;

14.1.3.   ipoteka predmeti deyişdirildikdə;

14.1.4.   ipoteka predmeti özgəninkiləşdirildikdə.

14.2. İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir.

14.3. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə dövlət qeydiyyatına alınır.

14.4. İpoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə dövlət qeydiyyatı ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə aparılır.

14.5. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızı üzərində isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir.

 

Maddə 15. İpotekanın dövlət qeydiyyatının ləğvi

 

  • İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.
  • İpotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir.

 

M a d d ə 16. Dövlət rüsumu

 

  • İpoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməsi, ipotekanın dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödənilir.[4]
  • İpoteka qoyanla ipoteka saxlayan arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ipotekanın dövlət qeydiyyatına görə rüsumun ödənilməsi ipoteka qoyanın üzərinə düşür.
  • Bu Qanunun 14.1.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipotekanın əlavə dövlət qeydiyyatına görə rüsumu ipoteka qoyan ödəyir, bu şərtlə ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.

 

III fəsil

 

İPOTEKA KAĞIZI

 

M a d d ə 17. İpoteka kağızı

 

  • İpoteka kağızı ipoteka müqaviləsinin qüvvədə olduğu müddətdə verilə bilər. İpoteka kağızı tərtib edildiyi halda ipoteka qoyanın, ipoteka saxlayanın, eləcə də onun digər qanuni sahiblərinin hüquq və vəzifələri ipoteka kağızına dair bu Qanunda müəyyən edilmiş xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.
  • İpoteka kağızı onun qanuni sahibinin aşağıdakı hüquqlarını təsdiq edir:

17.2.1.  ipoteka predmeti üzərində ipoteka hüququnu;

17.2.2.  başqa sübutlar təqdim etmədən əsas öhdəliyin icrasını tələb etməsini;

17.2.3. bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş hallarda ipoteka predmetinə tutmanın yönəldilməsini.

17.3.  İpoteka kağızı bir nüsxədə tərtib edilir və ipoteka saxlayana verilir.

17.4.  İpoteka kağızı ipoteka qoyan tərəfindən, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclu tərəfindən tərtib edilir. İpoteka kağızını tərtib edən fiziki şəxsin imzası notariat qaydasında təsdiqlənməlidir.

17.5.  Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan olduqda, ipoteka kağızının verilməsinə yol verilmir.

17.6. İpoteka kağızı üzrə hüquqlar bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş qaydada başqa şəxslərə verilə bilər.

 

M a d d ə 18. İpoteka kağızının məzmunu

 

18.1. İpoteka kağızı ilkin ipoteka saxlayana verilərkən özündə aşağıdakıları əks etdirməlidir:

18.1.1.  sənədin adına daxil edilmiş “ipoteka kağızı” sözü və tərtib edildiyi yer;

18.1.2.  ipoteka qoyanın adı və ünvanı, yaxud ipoteka qoyan hüquqi şəxsdirsə, onun adı və olduğu yer;

18.1.3.  ipoteka saxlayanın adı və ünvanı, əgər ipoteka saxlayan hüquqi şəxsdirsə, onun adı və olduğu yer;

18.1.4.  ipoteka müqaviləsinin bağlandığı yer və tarix;

18.1.5. əsas öhdəlik üzrə borclu ipoteka qoyan deyildirsə, borclunun adı və ünvanı, əgər borclu hüquqi şəxsdirsə, onun adı və olduğu yer;

18.1.6. əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları, icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. İpoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka kağızında müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.

18.1.7.  ipoteka predmeti olan əşyanın təsviri və yerləşdiyi yer;

18.1.8.  ipoteka predmeti olan əşyanın hansı hüquqla ipoteka qoyana məxsus olduğu və bu hüququ qeydə almış orqanın adı, dövlət qeydiyyatının nömrəsi, tarixi və yeri, həmin əşyanın digər yüklülükləri barədə məlumat;

18.1.9.  ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının məhkəməyə müraciət edilmədən həyata keçirilməsi barədə qeyd;

18.1.10. ipoteka qoyanın imzası, əgər o, üçüncü şəxsdirsə, həm də əsas öhdəlik üzrə borclunun imzası;

18.1.11.  ipoteka kağızının verildiyi tarix.

18.2.  İpoteka kağızında onun sonradan başqa şəxslərə verilməsini qadağan edən qeydlər etibarsızdır.

18.3. İpoteka kağızının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18.4. İpoteka kağızı ilə ipoteka müqaviləsi arasında uyğunsuzluq olduqda ipoteka kağızının qanuni sahibi onun ləğv edilməsini və eyni zamanda yeni ipoteka kağızının verilməsini tələb edə bilər. İpoteka kağızının qanuni sahibi bu cür uyğunsuzluğu aşkar etdiyi halda, dərhal ipoteka qoyana, o, üçüncü şəxs olduqda həmçinin əsas öhdəlik üzrə borcluya məlumat verməlidir.

18.5.  İpoteka kağızını tərtib edən göstərilən uyğunsuzluqla və onun aradan qaldırılması ilə əlaqədar zərərə görə məsuliyyət daşıyır.

 

M a d d ə 19. İpoteka kağızının dövlət qeydiyyatı

 

19.1. İpoteka kağızının dövlət qeydiyyatı qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

19.2. İpoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alınır.[5]

 

M a d d ə 20. İpoteka kağızı üzrə hüquqların verilməsi

 

  • İpoteka kağızı üzrə hüquqların verilməsi, ipoteka kağızında digər şəxsin xeyrinə verilmə qeydinin (indossamentin) edilməsi və ipoteka kağızının ona verilməsi yolu ilə həyata keçirilir. Verilmə qeydini edən fiziki şəxs olduqda onun imzası notariat qaydasında təsdiq edilməlidir.
  • İpoteka kağızı başqa şəxsə ipoteka müqaviləsi ilə birlikdə verilir və həmin şəxs ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın bütün hüquq və vəzifələrini əldə edir.
  • İpoteka kağızı üzrə hüquqların verilməsi ilə əsas öhdəlik üzrə tələb ipoteka kağızının yeni sahibinə güzəşt edilir. İpoteka kağızı üzrə hüquqlar verilərkən əsas öhdəlik qismən icra olunmuşsa, ipoteka kağızının qanuni sahibi bu barədə ipoteka kağızında müvafiq qeyd aparır və əsas öhdəliyin icra olunmamış hissəsi güzəşt edilmiş hesab edilir.
  • Verilmə qeydində ipoteka kağızı üzrə hüquqların verildiyi şəxsin adı tara və dəqiq göstərilməlidir. İpoteka kağızında hüquq sahibinin adı göstərilmədən indossamentə yol verilmir.
  • Verilmə qeydi ipoteka kağızında göstərilmiş ipoteka saxlayan, həmin qeyd ilkin qeyd olmadıqda isə ipoteka kağızının bundan əvvəlki qeyddə göstərilmiş sahibi tərəfindən imzalanmalıdır.
  • Oğurluq nəticəsində və ya verilmə qeydlərini yazmış şəxsin iradəsindən asılı olmayaraq başqa şəkildə onun sahibliyindən çıxmış ipoteka kağızını alan şəxs ipoteka kağızının qanuni sahibi hesab olunmur, bu şərtlə ki, onun bunu bildiyi və ya bilməli olduğu sübut edilsin.
  • İpoteka kağızı üzrə hüquqlarını vermiş şəxs bu barədə əsas öhdəlik üzrə borcluya yazılı bildiriş verməlidir. Bu vəzifənin yerinə yetirilməməsi borclu və yeni ipoteka saxlayan üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində tələblərin güzəştinə dair nəzərdə tutulmuş nəticələri doğurur.

 

M a d d ə 21. İpoteka kağızı üzrə hüquqların həyata keçirilməsi

 

  • İpoteka kağızı üzrə hüquqların həyata keçirilməsinə başlanıldığı vaxt ipoteka kağızının qanuni sahibi ipoteka kağızında əsas öhdəliyin icrası barədə qeydlər aparmalıdır. Həmin qeydlər həm ipoteka qoyan, həm də sonrakı mümkün sahiblər üçün aydın şəkildə olmalıdır.
  • Əgər başqa sübut yoxdursa, ipoteka kağızının qanuni sahibində olması yaxud ipoteka kağızında əsas öhdəliyin qismən icrası barədə qeydin və ya başqa cür təsdiqin olmaması göstərir ki, bu öhdəlik və ya onun müvafiq hissəsi icra edilməmişdir. Əgər başqa hal müəyyən edilməyibsə, ipoteka kağızının ipoteka qoyanda olması əsas öhdəliyin yerinə yetirilməsini təsdiq edir.
  • İpoteka kağızı üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi bu Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
  • İpoteka qoyan ipoteka kağızının qanuni sahibinin tələbinə qarşı ipoteka kağızına əsaslanmayan etirazlar edə bilməz.
  • Bu Qanuna uyğun olaraq ipoteka kağızı ləğv edildikdə ipotekanın dövlət qeydiyyatını aparan orqan ipoteka kağızını alan kimi dərhal onun üz tərəfinə “xitam verilmişdir” ştampı vurmaqla ləğv edir və öz arxivində saxlayır.

 

M a d d ə 2 2. İtirilmiş və ya korlanmış ipoteka kağızı üzrə hüquqların bərpası

 

22.1.  İtirilmiş, yaxud lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən korlanmış ipoteka kağızı üzrə hüquqlar ipoteka kağızının qanuni sahibinin ərizəsi əsasında ipoteka kağızı qeydə alınmış dövlət reyestrində saxlanılan ipoteka kağızının surətinə uyğun olaraq itirilmiş (korlanmış) ipoteka kağızının dublikatı verilməklə bərpa edilir. Dublikatın üzərində “dublikat” sözü qeyd edilməli, qeydiyyat orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanmalı, möhürlə təsdiq edilərək ipoteka kağızının qanuni sahibinə verilməli və reyestrdə müvafiq qeydlər aparılmalıdır.

22.2.  İpoteka kağızının dublikatı itirilmiş (korlanmış) ipoteka kağızına tam uyğun olmalıdır. Əks halda meydana çıxan uyğunsuzluqla əlaqədar yaranan zərərə görə ipoteka kağızının dublikatını vermiş dövlət qeydiyyatı orqanı məsuliyyət daşıyır.

 

M a d d ə 2 3. İpoteka kağızına xitam verilməsi

 

İpoteka kağızı könüllü olaraq ipoteka qoyana verildikdə və ya bu Qanunun 48-ci maddəsində nəzərdə tutulmuş hallarda ipoteka kağızına xitam verilir.

 

IV fəsil

 

İPOTEKA QOYANLA İPOTEKA SAXLAYANIN QARŞILIQLI MÜNASİBƏTLƏRİ

 

M a d d ə 2 4. İpoteka qoyanın və ipoteka saxlayanın hüquq və vəzifələri

 

Bu Qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri ilə yanaşı ipoteka qoyan və ipoteka saxlayan arasında bağlanan ipoteka müqaviləsində tərəflərin əlavə hüquq və vəzifələri müəyyənləşdirilə bilər.

 

M a d d ə 2 5. İpoteka qoyanın hüquq və vəzifələri

 

  • İpoteka qoyanın aşağıdakı hüquqları vardır:

25.1.1.  ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildiyi hal istisna olmaqla, ipoteka qoyulmuş əşyaya sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək;

25.1.2.  ipoteka qoyulmuş əşyanı vəsiyyət etmək;

25.1.3.  bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək;

25.1.4. ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək.

25.2.  Bu Qanunun 25.1.3-cü maddəsində göstərilən hüquqa tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra xitam verilir.

25.3.     İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır:

25.3.1.  ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək;

25.3.2.  ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək;

25.3.3.  ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək.

 

M a d d ə 2 6. İpoteka saxlayanın hüquq və vəzifələri

 

26.1.  İpoteka saxlayanın aşağıdakı hüquqları vardır:

26.1.1.  ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq;

26.1.2.  ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək;

26.1.3.  ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək;

26.1.4.  ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək;

26.1.5.  əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq;

26.1.6.  ipoteka hüququnu girov qoymaq.

26.2.  İpoteka müqaviləsinin şərtlərinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə ipoteka qoyanın müvafiq vəzifələri ona keçir.

 

M a d d ə 2 7. İpoteka qoyulan əşyanın saxlanılması və sığorta

 

  • İpoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri məbləğində, ipoteka qoyan fiziki şəxs olduqda isə həmçinin öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməlidir.
  • İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.
  • İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər.
  • İpoteka qoyulmuş əşya ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulduğu halda ipoteka saxlayanın hesabına sığortalanmalıdır.

 

M a d d ə 2 8. İpoteka ilə təmin edilmiş tələbin başqasına keçməsi

 

28.1.  İpoteka ilə təmin edilmiş tələb başqasına keçdikdə həmin tələbin təminatı olan ipoteka ona keçir. Tələbin keçdiyi şəxs ipoteka saxlayanın hüquq və vəzifələrini əldə edir.

28.2. Tələbin başqa şəxsə keçməsi ilə əlaqədar ipoteka müqaviləsinə müvafiq dəyişikliklər edilməli və bu Qanuna müvafiq qaydada ipotekanın dövlət qeydiyyatı orqanında əlavə dövlət qeydiyyatına alınmalıdır (ipoteka kağızı ilə tələbin başqasına keçməsi bu Qanuna uyğun olaraq həyata keçirilir). Bu şərtə əməl edilmədikdə tələbin keçməsi etibarsız hesab olunur.

 

M a d d ə 2 9. İpoteka ilə təmin edilmiş borcun başqasına keçməsi

 

Əsas öhdəlik üzrə borc başqasına keçdikdə ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir.

 

M a d d ə 3 0. İpoteka predmetinə sərəncam verilməsi

 

  • İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
  • Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.
  • İpoteka predmeti bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə bir neçə şəxsə keçdikdə ipoteka qoyanın vərəsələrindən (hüquqi varislərindən) hər biri əsas öhdəliyin icra olunmamasına görə ipoteka predmetinin ona keçmiş hissəsi həcmində öhdəlik daşıyır.
  • İpoteka predmeti bölünməz əşyadırsa, yaxud başqa əsaslara görə ipoteka qoyanın vərəsələrinin ümumi mülkiyyətinə daxildirsə, vərəsələr birgə ipoteka qoyanlar olurlar.
  • Bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur.

 

M a d d ə 3 1. İpoteka predmetinə sərəncam vermə qaydalarının pozulması nəticələri

 

31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər:

31.1.1.  ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını;

31.1.2.  ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini.

31.2. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.

 

M a d d ə 3 2. İpoteka predmetinin məcburi alınmasının nəticələri

 

  • İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.[6]
  • İpoteka predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.
  • İpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.

 

V fəsil

 

İPOTEKA PREDMETİNƏ TUTMANIN YÖNƏLDİLMƏSİ VƏ ONA XİTAM VERİLMƏSİ

 

M a d d ə 3 3. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları

 

Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

 

M a d d ə 3 4. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması

 

34.1.  İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır:

34.1.1.  əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması;

34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması;

34.1.3.  ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi;

34.1.4.  bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

 

M a d d e 3 5. İpoteka predmetinə tutmanın yönəldilməsi

 

35.1. İpoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinə aşağıdakı hallarda yol verilir:

35.1.1.  ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda;

35.1.2.  ipoteka kağızı verildiyi halda;

35.1.3. ipotekaya tutmanın yönəldilməsi əsası yarandıqdan sonra ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda;

35.1.4.  ümumi paylı mülkiyyətdə olan ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi barədə ipoteka saxlayanla bütün mülkiyyətçilərin notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda.

35.2.  Bu Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda və ya ipoteka qoyanın yaşadığı (olduğu) yeri müəyyən etmək mümkün olmadıqda ipoteka predmetinə tutma yalnız məhkəmənin qərarı əsasında yönəldilə bilər.

 

M a d d e 3 6. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası

 

  • İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
  • İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir:

36.2.1.  müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti;

36.2.2.  icra olunmalı öhdəlik barədə məlumat;

36.2.3.  məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq;

36.2.4.  bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.

36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

36.4.  Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz:

36.4.1.  tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə;

36.4.2.  tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.

36.5.  İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.

 

Maddə 3 7.  İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri

 

  • İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə şikayətə ərizənin daxil olduğu gündən məhkəmə tərəfindən 1 ay müddətində baxılır.
  • Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır.
  • İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.

 

M a d d ə 3 8.  Məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi

 

  • Məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallarda əsas öhdəlik bu Qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə tutma notariusun icra qeydi əsasında həyata keçirilir.
  • Bu Qanunun 36.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilə bilər. Razılaşmada aşağıdakılar nəzərdə tutulur:

38.2.1.  tərəflərin adı və yaşayış (olduğu) yeri;

38.2.2.  ipoteka predmetinin adı, ilkin satış qiyməti, təsviri və yerləşdiyi yer.

İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir;

38.2.3.  ipoteka saxlayana ödənilməli olan məbləğ;

38.2.4.  əqd bağlanarkən həmin əşyanın tərəflərə məlum olan əvvəlki və ya sonrakı ipoteka saxlayanları və həmin əşya barəsində üçüncü şəxslərin hüquqları;

38.2.5.  ipoteka predmetinin satışı üsulu;

38.2.6.  ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi;

38.2.7.  tərəflərin zəruri saydıqları digər şərtlər.

38.3. Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında razılaşma əvvəlki ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın iştirakı ilə bağlandıqda etibarlı sayılır.

 

M a d d ə 3 9. Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi

 

  • İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır.

Qərardan şikayət verildiyi halda, bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulmuş qayda tətbiq edilir.

  • İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
  • Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:

39.3.1.  ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir.

39.3.2.  ipoteka predmetinin təsviri;

39.3.3.  ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

39.3.4.  zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.

39.4.  Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır.

39.5.  Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

 

M a d d ə 4 0. İpoteka predmetinin satılması

 

Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər.

 

M a d d ə 4 1. İpoteka predmetinin satış üsulları

 

  • İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.
  • Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.
  • Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir.[7]
  • Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.
  • Hərrac açıq auksion formasında keçirilir.

 

M a d d ə 4 2. Hərracın keçirilmə qaydası

 

42.1.  Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

42.2.  Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.

Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.

Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.

  • Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
  • Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
  • Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
  • Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
  • Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir.

Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.

  • Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

 

M a d d ə 4 3. Hərracın baş tutmamış elan edilməsi

 

43.1.  Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir:

43.1.1.  hərraca iki nəfərdən az alıcı gəldikdə;

43.1.2.  hərracın iştirakçısı olmadıqda;

43.1.3.  hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;

43.1.4.  hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

43.2.  Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

43.3.  Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

43.4.  İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

43.5.  Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

43.6.  Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

43.7.  Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

43.8.  İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

43.9.  İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.

 

M a d d ə 4 4. Hərracın etibarsız sayılması

 

Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

 

M a d d ə 4 5. İpoteka predmetinin müqavilə üzrə açıq bazarda satılması

 

  • İpoteka predmetinin açıq bazarda satılması üzrə alqı-satqı müqaviləsi ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsasdır.
  • İpoteka predmetinin müqavilə üzrə açıq bazarda satışı baş tutmadıqda ipoteka saxlayanla ipoteka qoyan arasında razılaşmaya əsasən həmin əşya ilkin satış qiyməti ilə hərraca çıxarıla bilər və ya onu ipoteka saxlayan əldə edə bilər.
  • Razılaşma əldə edilmədikdə tərəflərdən hər hansı biri ipoteka predmetinin hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır.

 

M a d d ə 4 6. İpoteka predmetinin satışına xitam verilməsi

 

46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

46.2. İpoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir.

 

M a d d ə 4 7. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi

 

  • Notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında ipoteka predmetinin satılmasından əldə olunan gəlir bu Qanunun 38.2.6-cı maddəsinə müvafiq olaraq bölüşdürülür.
  • İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür:[8]

47.2.1.  ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir);

47.2.2.  bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə;

47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə.

47.3.  Birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür.

47.4.  Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

47.5.  İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

 

M a d d ə 4 8. İpotekaya xitam verilməsi

 

48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:

48.1.1.  ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

48.1.2.  əsas öhdəliyə xitam verildikdə;

48.1.3.  tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

48.1.4.  ipoteka predmeti məhv olduqda;

48.1.5.  bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

 

VI fəsil

 

TORPAQ SAHƏLƏRİ İPOTEKASININ XÜSUSİYYƏTLƏRİ

 

M a d d ə 4 9. İpoteka predmeti ola bilən torpaq sahələri

 

  • Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər.
  • Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqlar, habelə torpaq qanunvericiliyinə uyğun olaraq ipotekasına yol verilməyən digər sahələr istisna olmaqla, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri ipoteka predmeti ola bilər.
  • Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir.

 

M a d d ə 5 0. İpoteka predmeti olan torpaq sahəsinin bölünməzliyi

 

Torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin ölçüləri və müvafiq kateqoriyalı torpaqların təyinatı nəzərə alınmaqla onun müstəqil sahə kimi istifadə edilə bilməyən bir hissəsinin ipotekasına yol verilmir. Torpaq sahəsinin bir hissəsi ipoteka qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir.

 

Maddə 5 1.          İpoteka qoyanın bina, tikili və qurğularının yerləşdiyi torpaq sahəsinin ipotekası

 

  • İpoteka müqaviləsində ayn qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.
  • Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.

51.3. İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir.

 

M a d d ə 5 2. İpoteka qoyulmuş torpaq sahəsində tikinti

 

İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.

 

Maddə 5 3.  Üçüncü şəxsin bina, tikili və qurğularının yerləşdiyi torpaq sahəsinin ipotekası

 

İpoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir.

 

Maddə 5 4. İpoteka predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi

 

Bu Qanuna müvafiq olaraq ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

 

Maddə 55.   İpoteka predmeti olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin xüsusiyyətləri

 

  • İpoteka predmeti olan torpaq sahəsini almış şəxs sahənin təyinatını yalnız torpaq qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirmək hüququna malikdir.
  • İpoteka predmeti olan torpaq sahəsi xarici şəxslərə satıla bilməz. İpoteka saxlayan xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bu Qanunun 43-cü və ya 45-ci maddələrində nəzərdə tutulmuş hüquqdan istifadə etdikdə, ən geci bir il ərzində həmin torpaq sahəsini özgəninkiləşdirməlidir.
  • Kənd təsərrüfatı təyinatlı torpaqların açıq bazarda satışı zamanı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər, onların arasında isə qonşu torpaq sahələrinə sahib olan şəxslər həmin sahəni almaqda eyni alqı-satqı şərtlərini təklif etmiş şəxslər arasında üstün hüquqa malikdirlər.

 

VII fəsil

 

YAŞAYIŞ EVLƏRİNİN VƏ MƏNZİLLƏRİN İPOTEKASININ XÜSUSİYYƏTLƏRİ

 

M a d d ə 5 6. Yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqi

 

  • Xüsusi mülkiyyətdə olan fərdi və çoxmənzilli yaşayış evləri, habelə mənzillər ipoteka predmeti ola bilər.
  • Dövlət və ya bələdiyyə mülkiyyətində olan yaşayış evlərinin və mənzillərin ipotekasına yol verilmir.
  • Mehmanxanalar, istirahət evləri, bağ evləri və bu kimi başqa tikililər və binalar ümumi əsaslarla ipoteka predmeti ola bilər. Yaşayış evlərinin (mənzillərinin) ipotekası üçün müəyyən edilən qaydalar onlara şamil edilmir.

 

M a d d ə 5 7. Çoxmənzilli yaşayış evlərində mənzillərin ipotekası

 

İpoteka qoyanın və başqa şəxslərin paylı mülkiyyətində olan çoxmənzilli evdəki mənzilin ipotekası zamanı mənzillə yanaşı ev üzərində ümumi mülkiyyət hüququnda ipoteka qoyanın müvafiq payı da girov qoyulmuş sayılır.

 

M a d d ə 5 8. Tikilməkdə olan yaşayış evlərinin və mənzillərin ipotekası

 

  • Yaşayış evinin və çoxmənzilli evin tikintisi, habelə tikilməkdə olan çoxmənzilli evdəki mənzilin alınması üçün kredit verilərkən ipoteka müqaviləsində öhdəliyin başa çatdırılmamış tikinti ilə və ya çoxmənzilli evdəki mənzillə təmin olunması nəzərdə tutula bilər.
  • Tikintisi başa çatdırılmamış yaşayış evinin və ya tikilməkdə olan çoxmənzilli evdəki mənzilin (mənzil kooperativində payın) ipotekasına daşınmaz əmlakın dövlət reyestrində ipoteka qoyanın həmin yaşayış evinə və ya mənzilə bu Qanunun 11.6-cı maddəsinə uyğun olaraq qabaqcadan qeydiyyata alınmış hüququ əsasında yol verilir.
  • İpoteka predmeti olan yaşayış evinin və ya çoxmənzilli evin tikintisi tam başa çatdıqda qabaqcadan qeydə alınmış ipoteka bu Qanunun 11.7-ci maddəsinə uyğun olaraq öz hüquqi qüvvəsini saxlayır.

 

M a d d ə 5 9. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi

 

  • Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
  • Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər.
  • İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

59.3.1.  yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

59.3.2.  ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

59.4.  Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 aprel 2005-ci il

                 № 883-IIQ

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)
  2. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
  3. 1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)
  4. 20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286)
  5. 17 may 2011-ci il tarixli 120-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 591)
  6. 2 oktyabr 2017-ci il tarixli 794-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 oktyabr 2017-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1773)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 

[1] 2 oktyabr 2017-ci il tarixli 794-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 oktyabr 2017-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1773) ilə 12.2-ci və 12.3-cü maddələrdə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilmişdir.

 

[2] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə  13.5-ci maddəsində “maraqlı şəxsin” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.

 

[3] 2 oktyabr 2017-ci il tarixli 794-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 oktyabr 2017-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1773) ilə 14-cü maddənin adında, 14.1-14.5-ci, 16.3-cü, 19.2-ci və 28.2-ci maddələrdə ismin müvafiq hallarında “əlavə qeydiyyat” sözləri ismin müvafiq hallarında “əlavə dövlət qeydiyyatı” sözləri ilə əvəz edilmişdir.

 

[4] 20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286) ilə 16.1-ci maddəsində “ipotekanın qeydiyyata” sözündən sonra “, təkrar” sözü əlavə edilmişdir.

2 oktyabr 2017-ci il tarixli 794-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 oktyabr 2017-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1773) ilə 16.1-ci maddədə “qeydiyyata, təkrar və əlavə qeydiyyata” sözləri “dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilmişdir.

 

[5] 2 oktyabr 2017-ci il tarixli 794-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 oktyabr 2017-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1773) ilə 14.4-cü və 19.2-ci maddələrdə “qeydə alındığı” sözləri “dövlət qeydiyyatına alındığı" sözləri ilə əvəz edilmişdir.

 

[6] 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 32.1-ci maddəsində “dövlət və ya bələdiyyə ehtiyacları üçün satınalma” sözləri “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilmə” sözləri ilə əvəz edilmişdir.

1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 32.1-ci maddəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

 

[7] 17 may 2011-ci il tarixli 120-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 591) ilə 41.3-cü maddədə “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilmişdir.

 

[8] 17 may 2011-ci il tarixli 120-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 581) ilə 41.2-ci və 47.2-ci maddələrdə ismin müvafiq hallarında “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilmişdir.

 

17 may 2011-ci il tarixli 120-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 591) ilə 47.2-ci maddədə “məhkəmə icraçılarının” sözləri “icra məmurlarının” sözləri ilə əvəz edilmişdir.