Əmlak Məsələləri Dövlət Komitəsi yeni yaratdığı Özəlləşdirmə Portalını (privatization.az) 26 iyul 2016-cı il tarixində ictimaiyyətə təqdim edib. Tədbirdə dünyanın tanınmış “KPMG”, “PwC”, “Ernst & Young”, “Deloitte & Touche”, “Baker & McKenzie”, “McKinsey & Company” kimi beynəlxalq məsləhətçi şirkətləri, xarici və beynəlxalq təşkilatlar, dövlət qurumları, ictimai təşkilatlar və media nümayəndələri iştirak edib.
İctimai Təqdimatı giriş nitqi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov açıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidenti dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni çağırışları və hazırki iqtisadi reallıqları nəzərə alaraq müasir yanaşmaların tətbiqini önə çəkib. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müasir mexanizmlərin və optimal üsulların tətbiqinin vacibliyini vurğulayıb.
Ölkə başçısı tərəfindən 19 iyul tarixində dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı Fərmanlar imzalanıb. Özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, korporativ idarəetmənin tətbiqi, müəssisələrin restrukturizasiyası və modernləşdirilməsi, müvafiq özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi barədə tapşırıqlar verilib. Bütün bu islahatların qeyri-neft sektorunun inkişafına dəstək, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata yerli və xarici sərmayələrin cəlb olunması məqsədi daşıdığı diqqətə çatdırılıb. Bu baxımddan həyata keçirilən yeni iqtisadi islahatların fonunda dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində yeni mərhələ başlanıb.
Bildirilib ki, ölkə prezidentinin Fərman və tapşırıqlardan irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsi ardıcıl və fəal tədbirlər həyata keçirməkdədir. Artıq Komitədə Fərmanla əlaqədar Komissiya və işçi qrupları yaradılıb, tədbirlər planı təsdiq edilib. Komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib. Komitə tərəfindən Bakı və regionlarda müəssisələrin gələcək özəlləşdirmə perspektivləri, belə müəssisələrə yeni strateji xarici investorların cəlb edilməsi, həmçinin müəssisələrin iqtisadi durumu araşdırılıb. Bu proseslərə KPMG, PwC, “Ernst & Young” və “Deloitte & Touche” kimi nüfuzlu beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb olunub. Həmin ekspertlərin özəlləşmənin optimal üsulları, strateji sahələrin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınıb. Sədr müavini qeyd edib ki, ölkə prezidentinin tapşırığına əsasən ilk növbədə regionlarda rəqabət qabiliyyətli potensialı olan fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək. Nəticədə regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyin təmin edilməsinə nail olunacaq. Gələcəkdə özəlləşdirməyə çıxarılacaq müəssisələrin müasir bazar konyukturuna uyğun olaraq qiymətləndirilməsi həyata keçiriləcək. Müəssisələrdə modern yanaşmalar əsasında restrukturizasiya və sağlamlaşdırma tədbirləri görüləcək. Habelə yeni korporativ idarəetmə alqoritmləri tətbiq edilməklə belə müəssisələrdə prioritet təşkil edən özəlləşdirmə amillərinin gücləndirilməsi təmin ediləcəkdir.
Qeyd olunub ki, Özəlləşdirmə prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə yeni Özəlləşdirmə Portalı yaradılıb, əhalinin, biznes subyektlərinin, investorların və digər maraqlı tərəflərin istifadəsinə verilib. Portal dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi proseslərini daha şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri rəhbər tutulmaqla həyata keçirməyə imkan verir.
Tədbirdə yeni portal ilə bağlı prezentasiya və çıxışlar olub. “privatization.az” domenli portalın hazırlanması və funksionallığının təmin edilməsi prosesində beynəlxalq məsləhətçilərin də rəy və tövsiyələrindən istifadə edildiyi vurğulanıb. Xarici təcrübəyə əsaslanaraq portalda xarici investorların Azərbaycanı seçməsi üçün səbəbləri göstərən keçid “Why Azerbaijan” (Niyə Azərbaycan) mövcuddur. Belə ki, ölkə Avropa ilə Asiya arasında dəhliz rolunu oynayır və hazırda iri logistika mərkəzinə çevrilməkdədir. Özəlləşdirməyə açılmış müəssisələrin istehsal etdiyi məhsullar və göstərdiyi xidmətlərə dair yerli və regional bazarda tələbatın olması investorlar üçün əhəmiyyətli amildir. Qeyd olunub ki, yaxın gələcəkdə özəlləşmə ilə bağlı keçiriləcək bütün növ hərracların elektron formada tətbiqi üçün də Portaldan istifadə ediləcəkdir. Bu da öz növbəsində sahibkarlarla məmurlar arasında ünsiyyəti aradan qaldırmaqla bu prosesdə tam şəffaflığı təmin edəcəkdir.
Portal ziyarətçilərin istifadəsi baxımından çox rahat dizayna malikdir. Ziyarətçilər portaldan istifadə edərkən Azərbaycan haqqında, ölkədə biznes mühiti, özəlləşdirmənin qanunvericilik bazası, özəlləşdirməyə açıq elan edilmiş müəssisələr barədə çevik məlumat ala bilir. İnvestorlar üçün faydalı informasiyalar, statistik göstəricilər, özəlləşdirmə sahəsində baş verən son xəbərlər və bu prosesə dair rəylər ayrı-ayrılıqda mövcud olan linklər vasitəsi ilə çatdırılır. Portalda göstərilən məlumatların etibarlılığını təmin etmək üçün onların istinad mənbələri də göstəriləcəkdir. Bir sözlə, portal özəlləşmə prosesi ilə bağlı bütün məlumatların və yeniliklərin bir virtual məkanda cəmlənməsini təmin edib.
Portal iki dildə (Azərbaycan və ingilis dillərində) təqdim edilir və burada olan məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur. Portalda həmçinin özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə “onlayn əlaqə” xidməti də fəaliyyət göstərəcək.
Tədbirin yekununda qeyd olunub ki, yeni portal ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılması, bu sahədə şəffaflığı və çevikliyi, özəlləşdirmə prosesinə geniş ictimaiyyətin və strateji investorların cəlb edilməsini təmin edəcəkdir. Portal xarici investorlar üçün rahat, funksional və etibarlı mənbədir və məlumatları bütün maraqlı tərəflər üçün əlçatan edir. Azərbaycanda iqtisadi fəallığın artırılması, özəl təşəbbüslərin dəstəklənməsi və iqtisadiyyatın davamlı inkişafında mühüm rol oynayacaqdır.