Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli müvafiq Fərmanına əsasən yaradılan, mükəmməl layihə olan torpaqların elektron kadastr uçotu bu sahədə idarəçiliyin daha sistemli və effektiv aparılacağına imkan verir. Belə məqsədlə həyata keçirilən işlərin miqyası genişləndirilir. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən vətəndaş qəbulunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov səsləndirib. Qeyd edilməlidir ki, komitə sədri iyun ayının 9-da vətəndaşların müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib. Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda İsmayıllı rayonu ilə yanaşı Qəbələ, Oğuz rayonlarından olan sakinlərin də müraciətləri dinlənilib.
Komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, torpaqların mükəmməl kadastr uçotunun formalaşdırılması, torpaqların elmi əsaslarla idarəedilməsinə, ölkənin torpaq balansının dəqiqləşdirilməsinə, vahid torpaq bazasının yaradılmasına zəmin yaradır.
Müraciətlər əsasən torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları ilə əlaqədar olub. Daşınmaz əmlakın qeydiyyatı, özəlləşdirilmə sahəsinə də aid müraciətlər ünvanlanıb.
Bildirilib ki, bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 6 rayonda (Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakən) kadastr işlərinin praktiki istifadəsinə başlanılıb. Bununla bələdiyyələr, torpaqların ümumi həcmindəki payını müəyyənləşdirə bilirlər. Eyni zamanda hansı ərazilərin dövlətə və ya xüsusi mülkiyyətə aid olduğu dəqiqləşir. Həmçinin vətəndaşlar alacağı torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilirlər. Belə ki, torpaqların münbitlik dərəcəsi ilə bağlı məlumat bazası formalaşır. Qeyd edilib ki, komitənin nəzdində fəaliyyət göstərən stasionar və mobil torpaq və bitki laboratoriyaları da fermerlərin istifadəsindədir. Bununla kəndlilər məhsuldarlığı artırmaq üçün torpağının iqtisadi göstəricilərini müəyyənləşdirə bilirlər.
O da vurğulanıb ki, torpaq idarəçiliyində dövlət nəzarətinin həyata keçirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi məqsədilə qurulan Peyk nəzarət sistemi bu işlərin effektivliyini artıracaq.
Qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir çoxu yerində həllini tapıb. Hər bir vətəndaş müraciətinə diqqətlə yanaşan komitə sədri Kərəm Həsənov müraciətlərin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb. Bir qisim müraciətlər operativ araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qəbul çərçivəsində komitə sədri yerli qurumlara, aidiyyəti idarələrə fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Bildirib ki, torpaq istifadəçiliyində vətəndaş müraciətlərinin daha operativ həlli üçün bu sahənin elmi əsaslarla idarə edilməsi imkanları genişləndirilməlidir, torpaqların elektron kadastr uçotu işləri sürətləndirilməlidir. Eyni zamanda qeydiyyat xidmətləri vətəndaşlara daha rahat və müasir üsullarla çatdırılmalı, o cümlədən qanunvericilik çərçivəsində insan maraqları təmin olunmalıdır.
Regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.