Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi müasir hərraclarda yaradılan şərait və şəffaf mühit hər kəsin obyektiv formada iştirakını təmin edir. Geniş çeşidli və cəlbedici dövlət əmlaklarının hərraca çıxarılması isə prosesə olan marağı artırır. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə elektron informasiya mənbələri olan komitənin rəsmi saytı və Özəlləşdirmə portalı vətəndaşların rahat iştirakını təmin edir. Belə ki, vətəndaşlar seçdikləri dövlət əmlakını elektron formada sifariş verməklə yanaşı, hərraclarda onlayn formada iştirak edə bilir.
Komitə tərəfindən 20 noyabr tarixində keçirilən növbəti hərracda 9-u elektron olmaqla 28 sifariş verilmişdir. Sifariş verilən dövlət əmlaklarından 2-si kiçik dövlət müəssisə və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir. Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 26.5 kv.m-dir. Adı çəkilən dövlət əmlakının hərracında 2 sifarişçi iştirak etdi. Yaranan rəqabətli mühit 9 min manat ilkin qiymət təyin olunan əmlakın son satış qiymətini 15 min 500 manata yüksəltdi. Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki dövlət əmlakı xidmət sahəsi üzrə fəaliyyətdə sahibi üçün gəlirli ola biləcək. Bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 124.4 kv.m-dir. Nizami rayonu, Babək prospektində yerləşən qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 33 kv.m-dir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə olan yüksək maraq nəticəsində 4 nəqliyyat vasitəsinə 20 sifariş verilmişdir. Rəqabətli mühit yaradan bu avtomobillərdən birinin buraxılış ili 2005-dir. 700 manat ilkin qiymət təyin olunan VAZ markalı bu avtomobilin hərracında iştirakçıların mübarizəsi qiyməti 3 dəfəyədək yüksəltdi. Rəqabət yaradan digər VAZ markalı nəqliyyat vasitəsinin istehsal ili 1995-dir. İlkin hərrac qiyməti 800 manat olan avtomobil üçün hərracın qalibi 2 min 50 manat təklif etdi.
Salyan rayonu, Peyk kəndindəki Yardımçı kənd təsərrüfatı 50 min kv.m-lik geniş torpaq sahəsi ilə birgə özəlləşdirildi. Ümumi faydalı sahəsi 66.7 kv.m olan dövlət əmlakı üçün sifarişçi 46 min manat təklif etdi. Budəfəki hərracda özəlləşdirilən digər kiçik dövlət müəssisəsi isə Lənkəran rayonu, Sinovlu kəndində yerləşir.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 noyabrda baş tutacaq. Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraca ümumilikdə 195 dövlət əmlakı çıxarılıb. Bunlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 42-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 42-si isə nəqliyyat vasitəsidir. Hərrac prosesində iştirak etmək istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.