“Daşınmaz Əmlak” jurnalının 65-ci sayı çapdan çıxıb

“Daşınmaz Əmlak” jurnalının 65-ci sayı çapdan çıxıb 2016-06-28 13:55:35

 

Əmlak Məsələləri Dövlət Komitəsinin analitik informasiya bülleteni olan “Daşınmaz Əmlak” jurnalının 65-ci sayı nəşr olunub. Jurnal komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, tətbiq etdiyi yenilikləri əhatə edir. Torpaq idarəçiliyi və daşınmaz əmlaka dair ölkə daxilində və xaricində ən mühüm xəbərlər, hüquqi və iqtisadi dəyişikliklər, xarici ölkələrin daşınmaz əmlak sahəsində təcrübəsi barədə maraqlı yazıları özündə əks etdirir.

Bu dəfəki nömrə “Əmlak münasibətlərində mühüm dövr” başlığı altında olan məqalə ilə başlayır. Məqalədə Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş müşavirədə müzakirə olunmuş məsələlər və verilən tapşırıqlardan, komitənin 2016-cı ildə həyata keçirdiyi tədbirlərdən və əldə etdiyi nailiyyətlərdən bəhs olunur.

“Çıxarış alınmasında yenilik olacaq – Qanuna dəyişiklik” başlıqlı yazıda isə bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna gözlənilən dəyişikliklərə əsasən əmlakın qeydiyyatı və digər hüquqi əməliyyatlar üçün tələb olunan müddətlər azaldılacaq.

“Bakı və Abşeronda torpaq reydləri” başlıqlı yazı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədəki pozuntulara qarşı mübarizə ilə bağlı həyata keçirdiyi tədbirlərə həsr olunub. Növbəti məqalə isə komitənin geniş əhali kütləsi üçün start verdiyi hüquqi məsləhət xidməti barədədir. Məqalədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquq şöbəsinin müdiri ilə bu xidmət barədə aparılmış müsahibə əks olunub.

Jurnalın yeni sayında yeni tikili və torpaq sahələrinə çıxarışların verilməsini təmin edən Bakının Sabunçu rayonunda keçirilmiş “Kütləvi çıxarış” kampaniyası,  əmlakın bölünməsi qaydaları, istifadəsiz torpaqlardan tutulacaq vergilər barədə yazılar yer alıb. Jurnalda Əmlak Məsələləri Dövlət Komitəsinin SMS xidmətləri barədə geniş məqalə dərc olunub. Məqalədə SMS xidmətlərin növü, əhəmiyyəti, istifadə qaydası, üstünlükləri barədə məlumat verilib.

Bunlarla yanaşı, jurnalda əmlak idarəçiliyində xarici təcrübə ilə bağlı yazılar da yer alır. Belə ki, “Yaxın qonşu daha yaxşıdır – Gürcüstanda əmlak” adlı məqalə Gürcüstanda daşınmaz əmlak bazarı, paytaxt və iri şəhərlərdə mənzillər, fərdi evlər, kommersiya obyektlərindən bəhs olunur. Jurnalda daşınmaz əmlak bazarının aylıq dinamikası, maliyyə və tikinti xidmətləri, daşınmaz əmlaka dair reytinqlər, təhlillər və statistik diaqramlar verilir. Habelə, daşınmaz əmlakın sosial-iqtisadi əhəmiyyəti barədə məlumatlar, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında faydalı məsləhətlər, daşınmaz əmlakla bağlı sual-cavablar da, həmçinin Bakıda keçiriləcək beynəlxalq sərgi və konfranslar barədə məlumat yer alır.

Jurnal geniş kütlə üçün nəzərdə tutulub. Media nümayəndələri jurnala istinad edərək komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilər. Əlavə məlumat almaq üçün isə komitənin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərlər:

(012) 490 24 08 (daxili 111).

Jurnalın elektron versiyaları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

 http://www.emdk.gov.az/images/pdf/layihe/jurnal65.pdf