Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında iyunun 9-da əməkdaşlığa dair memorandum imzalanmışdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov və Akademiyanın rektoru Urxan Ələkbərovun imzaladığı Memorandumda tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa” və seminarların, müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların, analitik materialların hazırlanması nəzərdə tutulmuşdur.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elmin və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə xüsusi diqqət göstərilir.
Rektor Dövlət Komitəsinin vətəndaşlara xidmət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmiş və bildirmişdir ki, bu fəaliyyət müasir innovativ konsepsiya olmaqla yanaşı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərindəndir. Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlığın genişlənməsinin səmərəli olacağına və Akademiyada təhsil alan, dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin və dövlət qulluqçularının praktik biliklərinin genişlənməsinə daha bir imkan əldə edəcəyimizə inanırıq.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, fəaliyyətində hər zaman səmərəliliyin artırılmasını, ölkə vətəndaşlarına və biznes qurumlarına yüksək səviyyədə xidmət göstərilməsini əsas götürən Əmlak Məsələləri Dövlət Komitəsi qabaqcıl dünya təcrübəsindən və müasir yanaşmalardan geniş şəkildə yararlanır. Komitə əsas fəaliyyət istiqamətlərində - torpaqların idarəçiliyində, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsində, eləcə də daşınmaz əmlakın qeydiyyatı prosesində mütərəqqi metodlar və innovasiyaların tətbiqini daim davam etdirir.
Bu işlərin həyata keçirilməsində komitə hazırlıqlı, peşəkar və innovativ təfəkkürə malik gənc kadrların potensialından yararlanır. Sədr müavini qeyd edib ki, bu mənada imzalanan Əməkdaşlıq Memorandumu komitə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında kadr sahəsində əməkdaşlığın genişlənməsinə, Akademiyanın istedadlı və hazırlıqlı tələbələrinin real iqtisadi proseslərdə iştirakına və onların potensialından tam gücü ilə faydalanmağa imkan verəcək.
Həmçinin bildirilib ki, son illərdə komitə öz fəaliyyətində bir sıra sosial əhəmiyyətli nailiyyətlər əldə etmiş, xidmətlərdə vətəndaş amilinin gücləndirilməsini diqqətdə saxlamışdır. Torpaq idarəçiliyi və daşınmaz əmlakın qeydiyyatı sistemi xeyli təkmilləşdirilmiş, “bir pəncərə” prinsipi tətbiq edilmiş, qeydiyyat prosedurları sadələşdirilmiş və qeydiyyat müddətləri qısaldılmışdır. Vətəndaşlara çevik, şəffaf və rahat xidmətlərin göstərilməsi məqsədilə 31 elektron, 3 onlayn və 3 SMS xidmət əhalinin istifadəsinə verilmişdir. İndiyədək 361 minə yaxın müraciətin məhz elektron xidmətlər vasitəsilə daxil olması bu xidmətlərə marağın yüksək olmasının əyani göstəricisidir. Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri kimi sosial layihələri də həyata keçirir. Həyata keçirdiyi tədbirlər və əldə edilən nəticələr beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə tərtib etdiyi, biznes mühitin qiymətləndirilməsini nəzərdə tutan «Doing Business» hesabatlarında Azərbaycan artıq bir neçə ildir ki, əmlakın qeydiyyatının sadəliyinə görə, dünyada ilk 10-luqdadır. Bundan başqa, ölkəmiz 2016-cı ildə ilk dəfə olaraq əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer alıb. 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında dünya üzrə ən yaxşı 20-lik sırasına daxil edilib.
Torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların idarə edilməsi və onların istifadəsinin nəzarət sahəsində də ciddi işlər görülür. Dövlət başçısının verdiyi tapşırıqlara əsasən torpaqların vahid elektron kadastr uçotu sisteminin yaradılması işləri uğurla icra olunur.
Çıxışlarda qeyd edilən vəzifələri uğurla və səmərəli icra etmək üçün yüksək bilik və təcrübədən geniş istifadə olunması və elmi biliklərin idarəetmədə tətbiqi və qarşılıqlı mübadilə yolu ilə daha da səmərəli olması barədə fikirlər bildirilmişdir.