Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi üzrə tədbirləri davam etdirir. Bu tədbirlər nəticəsində ölkədə əmlakın qeydiyyatını hər hansı formada ləngidə bilən bütün maneələr aradan qaldırılır. Əmlak Məsələləri Dövlət Komitəsi bölgələrdə əmlakların kütləvi qaydada bilavasitə ünvanlarda çıxarışlarla təmin olunmasını davam etdirir.
Əmlak Məsələləri Dövlət Komitəsinin bir başa sakinlərin ünvanlarında mobil ofis xidmətləri vasitəsi ilə göstərilən “Kütləvi çıxarış” kampaniyası 8 iyul tarixində Ağcabədi rayonunda keçirilib. Keçirilən kampaniya nəticəsində rayonun müxtəlif kəndlərindən olan 150-ə yaxın sakinə onların ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Belə ki, 100 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50 kənd sakinlərindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.
Göstərilən qeydiyyat xidmətlərində rahatlığının və əlçatanlığın daha da artırılması məqsədi ilə kampaniya zamanı müraciət edən sakinlərin operativ qaydada
daşınmaz əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki pasportların verilməsi məqsədi ilə mühəndis və çöl-ölçmə işlərinin aparılması da təşkil edilmişdir.
Kampaniya çərçivəsində daşınmaz əmlaklarına çıxarış almaq üçün müraciət edən, lakin ilkin sənədləri qaydasında olmayan və çatışmazlıqlar olan bir qrup kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilib.
Qeyd edilməlidir ki, keçirilən “Kütləvi çıxarış” kampaniyaları zamanı ilkin hüquq müəyyənedici sənədlər əsasında vətəndaşların müxtəlif daşınmaz əmlakları, o cümlədən kənd yerlərində yaşayan sakinlərin həyətyanı və pay torpaqları, vaxtı ilə kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaqlara, fərdi yaşayış evlərinə, şəhər sakinlərinin mənzillərinə dair çıxarışlar təqdim edilir. Habelə ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən vətəndaşlara onların əmlaklarına dair verilmiş qeydiyyat vəsiqələri və şəhadətnamələr çıxarışlarla əvəz olunur.
Bakı şəhəri, habelə respublikanın bütün digər şəhər və rayonlarını geniş şəkildə əhatə edən “Kütləvi çıxarış” kampaniyası əhaliyə birbaşa yerlərdə və ünvanlarda qeydiyyat xidmətləri göstərməklə, bu sahədə yüksək səviyyədə vətəndaş məmnunluğunun, insanların maksimum rahatlığının təmin olunması məqsədlərini daşıyır. Bu kampaniyanın başlıca prinsipi - daşınmaz əmlakın qeydiyyatı xidmətlərini sakinlərin ünvanına çatdırmaq olmaqla, insanların qeydiyyata sərf etdikləri vaxtlarını maksimum dərəcədə qənaət etmək və əlçatanlığı artırmaqdır.
Qeyd edilməlidir ki, “Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara gündəlik olaraq fərdi qaydada mobil ofis xidmətləri də göstərilir. «Kütləvi çıxarış» kampaniyasının ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Belə ki, bu kampaniya çərçivəsində hətta ən ucqar kəndlər də daxil olmaqla, yüzlərlə yaşayış məntəqəsinin sakinləri əmlaklarını sənədləşdiriblər.
Qeyd edək ki, ümumiyyətlə bu günədək keçirilən “Kütləvi çıxarış” kampaniyası nəticəsində respublikanın müxtəlif rayonlarından olan 8 mindən çox sakininə çıxarışlar təqdim edilib. Mobil ofis xidmətləri vasitəsi ilə isə, 100 minə yaxın daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ünvanlarda fərdi qaydada xidmətlər göstərilib.
Bütün bunlarla yanaşı daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən bir pəncərə prinsipi, əmlakın qeydiyyatı ilə bağlı icra vəziyyətinin və xidmət haqqının sms vasitəsi ilə əldə edilməsi imkanları, elektron qaydada daşınmaz əmlak barədə məlumatların öyrənilməsi, qeydiyyat üçün sərf edilən müddətlərin mərhələli şəklidə azaldılması, regional qeydiyyat ofislərinin müasir standartlara uyğunlaşdırılması kimi tədbirlər bu sahədə göstərilən xidmətlərdən ölkə əhalisinin daha çevik, rahat, şəffaf bir şəraitdə yaralanması məqsədlərini daşıyır.