Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək

Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək 2016-08-25 12:20:37

Noyabr ayında Bakıda Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri baş tutacaq. Əmlak Məsələləri Dövlət Komitəsinin, «Atılım Fuarcılık» və «Elan Expo» şirkətlərinin təşkilatçılığı ilə noyabrın 22-24-də «Baku Expo Mərkəzi»ndə RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.

Azərbaycanın ən geniş və əhəmiyyətli daşınmaz əmlak və investisiya sərgisi olan RecExpo II beynəlxalq inşaat və daşınmaz əmlak şirkətləri tərəfindən layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır.

RecExpo II sərgisində Azərbaycandan və xarici ölkələrdən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.

 

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Sərginin iştirakçı siyahısına daşınmaz əmlakı inkişaf etdirən şirkətlər, daşınmaz əmlak satışı ilə məşğul olan firmalar, banklar, iri investorlar, səfirliklər, yerli və xarici şirkət nümayəndələri daxildir. Sərgi həmçinin əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə əlverişli imkanlar yaradacaq. Bu fəaliyyət bir çox ölkənin daşınmaz əmlak mütəxəssislərini və sektorla əlaqədar hər kəsi bir yerə toplayacaq, o cümlədən xüsusi fürsətlər təqdim edəcəkdir.